
Reallıq budur ki, bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanıb, beynəlxalq mövqeləri möhkəmlənib. Həm bölgədə gedən proseslərə təsir imkanları artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatın rolu artmaqdadır. Prezident İlham Əliyevin hər bir çağırışı həm Türk Dövlətləri Təşkilatının gələcəyi, həm də quruma üzv dövlətlərlə birliyin təmin edilməsi üçün yol xəritəsidir. Azərbaycan-Qırğızıstan münasibətləri bərabərhüquqlu tərəfdaşlığa və yüksək etimada söykənən müttəfiqlik modelidir. Siyasi iradə, iqtisadi-logistik inteqrasiya, mədəni-humanitar bağlılıq və beynəlxalq platformalardakı qarşılıqlı dəstək iki qardaş ölkənin uzunmüddətli strateji maraqlarının tam üst-üstə düşdüyünü və bu əməkdaşlığın geosiyasi əhəmiyyətinin getdikcə daha da artdığını göstərir. Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü oldu, Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi. Həmçinin Prezidentlər mətbuata bəyanatla çıxış etdilər. Sadır Japarov bu əminliyi ifadə etdi ki, bu səfər qardaş münasibətlərimizin möhkəmlənməsinə yeni impuls verəcək. Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir. Məmnunluqla qeyd edirəm ki, Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir. Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətləri üçün möhkəm zəmin yaradır.
İki ölkə arasında indiyədək 105 sənəd imzalanıb. Bunlardan ən mühümü Azərbaycanla Qırğızıstan arasında strateji tərəfdaşlığın əsasını qoyan “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”dir. Prezident İlham Əliyevin bu səfəri zamanı 14 sənəd imzalanıb. Bunlar arasında Azərbaycan və Qırğızıstan prezidentlərinin birgə imzaladıqları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni qeyd etmək istərdik. “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” rəsmi Bakı ilə Bişkek arasında strateji tərəfdaşlığın daha yüksək səviyyəyə yüksəldilməsi baxımından mühüm siyasi hadisədir.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri münasibətlərdə yeni tarixi mərhələ kimi dəyərləndirilir. Ümumilikdə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə dərin tarixi və mədəni köklərə dayanan əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyur, strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Siyasi əlaqələrin dərinləşməsi iqtisadi sahədə də yüksək dinamika ilə müşayiət olunur. Son dövrlərdə Azərbaycanın Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstan ilə ticarət dövriyyəsində çoxşaxəli və kəskin artım diqqətdədir. Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhliz çərçivəsində, həmçinin Ələt Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi müasir infrastrukturu ilə Mərkəzi Asiya ölkələrinin Qərb bazarlarına çıxışı üçün əsas tranzit mərkəzinə çevrilib.
Natiq Musayev-Bakı Dövlət Sosial-İqtisad Kollecinin təcrübə rəhbəri
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.