Azərbaycanın Zəfər Salnaməsi: 20 Sentyabr – Dövlət Suverenliyi Günü

Azərbaycanın Zəfər Salnaməsi: 20 Sentyabr – Dövlət Suverenliyi Günü

Müstəqillik və azadlıq hər bir xalqın tarixi varlığının, milli kimliyinin və dövlətçilik təfəkkürünün ən ali zirvəsidir. Əsrlər boyu müxtəlif sınaqlardan, məhrumiyyətlərdən və işğal dövrünün ağır mənəvi-siyasi təzyiqlərindən keçən Azərbaycan xalqı öz müstəqillik əzmini, azad yaşamaq iradəsini heç vaxt itirməmişdir. Bu gün Azərbaycan öz tarixi taleyinin tam sahibinə çevrilmiş, qanla, fədakarlıqla yazılan zəfər salnaməsini dövlət suverenliyinin tam bərpası ilə taclandırmışdır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” 19 sentyabr 2024-cü il tarixli Sərəncamında vurğulandığı kimi:
“Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.
Bu sərəncamla sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günü kimi təsis edilmiş və milli təqvimimizin ən qürurverici səhifələrindən birinə çevrilmişdir.
Dövlət suverenliyi yalnız coğrafi sərhədlərin qorunması deyil, eyni zamanda milli iradənin, hüququn və dövlət institutlarının ölkənin hər bir qarışında tərəddüdsüz bərqərar olmasıdır. 20 sentyabr – Azərbaycanın mövcudluğunun, institusional davamlılığının və gələcək inkişafının möhkəm bünövrəsidir.
30 ilə yaxın davam edən işğal dövründə xalqımızın qəlbində böyüyən torpaq nisgili, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli ordumuzun qəhrəmanlığı ilə böyük Zəfərə çevrildi. Lakin tam suverenliyin bərpası üçün separatizmin kökünün kəsilməsi və beynəlxalq hüququn aliliyinin tam təmin olunması tarixi zərurət idi.
Suverenliyin tam təmin edilməsi istiqamətində atılan ilk və ən mühüm strateji addımlardan biri 2023-cü il aprelin 23-də Laçın nəzarət-buraxılış məntəqəsinin qurulması oldu. Bu addımla Azərbaycan öz xarici sərhədlərinə tam nəzarət bərqərar etdi, qanunsuz daşımaların, separatçılara edilən hərbi və maddi dəstəyin qarşısını kəsdi. Laçın sərhəd-keçid məntəqəsi müstəqil dövlətimizin öz ərazisində mütləq hakimiyyətinin və ərazi bütövlüyünün ayrılmaz rəmzinə çevrildi.
2023-cü il sentyabrın 19–20-də keçirilən lokal xarakterli antiterror əməliyyatı Azərbaycan hərb tarixinin ən parlaq və dəqiq icra olunmuş əməliyyatlarından biridir. Cəmi 24 saatdan da az bir müddətdə həyata keçirilən bu əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturu darmadağın edildi, separatçı rejim təslim olmağa məcbur edildi.
Dövlət başçısı İlham Əliyevin Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə qeyd etdiyi kimi:
“Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”.
Bu tarixi zəfərlə Azərbaycan Respublikasının Dövlət Bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Ağderədə və Əsgəranda ucaldıldı, ölkəmizin hər bir guşəsində konstitusiya quruluşu bərpa olundu.
Xalqımızın qazandığı bu möhtəşəm tarixi qələbə və suverenlik günü yalnız təqvimdə deyil, eyni zamanda gündəlik həyatımızda və infrastrukturumuzda da öz əksini tapır. Bu tarixi hadisənin əbədiləşdirilməsi məqsədilə Bakı Metropoliteninin yeni istifadəyə veriləcək stansiyalarından birinə “20 Sentyabr” adı verilmişdir. Bu, gələcək nəsillərə dövlət müstəqilliyimizin və suverenliyimizin hansı çətinliklər və qəhrəmanlıqlar bahasına əldə olunduğunu xatırladan canlı tarixi simvoldur.
Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi bizlərin üzərinə düşən əsas vəzifə bu böyük Zəfərin mənəvi, bədii və tarixi mahiyyətini gənc nəslə aşılamaqdır. Ədəbiyyatımızda azadlıq, vətənpərvərlik və torpaq sevgisi hər zaman ana xətt olmuşdur. Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın şeirlərində həsrətlə tərənnüm olunan o müqəddəs Vətən modeli bu gün reallığa çevrilmişdir.
20 Sentyabr – Dövlət Suverenliyi Günü yalnız tarixi hərbi-siyasi uğur deyil, milli qürurumuzun, dilimizin, mədəniyyətimizin və dövlətçilik təfəkkürümüzün təntənəsidir. Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, suveren, vahid və qüdrətli Azərbaycanın işıqlı gələcəyinə inamla addımlayırıq!
215 nömrəli tam orta ümumtəhsil məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi:
Gülmalıyeva Şəhla

Tarix: Bu gün, 13:25


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930