
Azərbaycan xalqının şanlı və qürur dolu tarixinin ən mühüm səhifələrindən biri 27 Sentyabr – Anım Günüdür. Bir müəllim kimi gənc nəslə tərənnüm etdirəcəyimiz ən böyük dəyər Vətən sevgisi, azadlıq ruhu və torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsidir. Vətən Müharibəsi Azərbaycan xalqının birliyini, dövlətimizin gücünü və ordumuzun yenilməzliyini bütün dünyaya sübut etdi.
Münaqişənin ulu əcdadlarımızdan qalan tarixi torpaqlarımızda sülh yolu ilə həlli üçün Azərbaycan dövləti uzun illər təmkinli, humanist və konstruktiv mövqe nümayiş etdirdi. Lakin Ermənistanın faşist ideologiyasına əsaslanan işğalçı siyasəti, saxtakar bəyanatları və davamlı hərbi təxribatları sülh danışıqlarını tamamilə iflic vəziyyətinə saldı. Rəsmi İrəvanın bu təxribatçı addımları müharibənin başlanmasını qaçılmaz etdi.
Dünya birliyinin, beynəlxalq təşkilatların və böyük dövlətlərin onlarca il ərzində nümayiş etdirdiyi “ikili standartlar” siyasəti BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin kağız üzərində qalmasına şərait yaradırdı. BMT qətnamələrində işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması tələb olunsa da, beynəlxalq aləm işğalçıya qarşı heç bir sanksiya tətbiq etmədi. Bu ədalətsizlik və seyrçi mövqe Azərbaycanın öz hüquqlarını hərbi-siyasi yolla bərpa etmək zərurətini ortaya qoydu.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı hərbi təxribatı sülhsevər və tolerant Azərbaycan xalqının səbir kasasını dolduran son damla oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz əks-hücum əməliyyatına start verdi. Bu addım təkcə bir hərbi cavab deyil, tarixi ədalətin bərpası idi.
44 günlük Vətən Müharibəsi dövründə bütün Azərbaycan xalqı “Dəmir yumruq” kimi birləşdi. Arxa cəbhə ilə ön cəbhə arasında möhkəm sarsılmaz körpü quruldu. Cəbhədə döyüşən əsgərimizdən tutmuş mülki vətəndaşımıza qədər hamı tək bir amalla, bir şüarla yaşayırdı: “Öldü var, döndü yoxdur!” Bu ruhi yüksəliş və yenilməz iradə Zəfərimizin əsas təməli oldu.
Azərbaycan dövləti Vətən uğrunda canını və sağlamlığını fəda edən övladlarına hər zaman yüksək diqqət və qayğı ilə yanaşır. Dövlətimiz hər bir əsgər və zabitinin yanındadır, onların xidmətlərini yüksək qiymətləndirir.
“Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq.”
Bu gün şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının sosial müdafiəsi, mənzil və avtomobillərlə təminatı, müalicə və reabilitasiya olunması dövlət siyasətinin prioritet istiqamətidir. Dövlətimiz tərəfindən bu təbəqədən olan vətəndaşlarımıza hərtərəfli köməklik və diqqət göstərilir.
Bir müəllim kimi bizim borcumuz şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutmaq, bu böyük Zəfərin mahiyyətini gələcək nəsillərə aşılayaraq vətənpərvər, güclü və savadlı gənclər tərbiyə etməkdir. Şəhidlərimiz qəlbimizdə əbədi yaşayacaq! Ruhunuz şad olsun!
215 nömrəli tam orta ümumtəhsil məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi:
Əhmədova Lalə
Bölməyə aid digər xəbərlər










Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.