
27 Sentyabr - Anım Günü Azərbaycan xalqının yaddaşına təkcə hüzn günü kimi deyil, həm də qürur, birlik və qisas günü kimi həkk olunub. Bu gün biz Vətən uğrunda canından keçən bütün oğul və qızlarımızı ehtiramla anırıq.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir”.
Həqiqətən də, bu Qələbə asan qazanılmadı. Onun qaçılmaz olmasının əsas səbəbi Rəsmi İrəvanın işğalçı siyasəti və saxtakarlığı idi. 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən nəticəsiz qaldı. İşğal olunmuş torpaqlarda qanunsuz məskunlaşma, tarixi abidələrimizin dağıdılması və “yeni müharibə, yeni ərazilər” kimi təxribatçı bəyanatlar sülhə olan ümidləri tamamilə puça çıxardı.
Bu prosesdə beynəlxalq aləmin sərgilədiyi “ikili standartlar” siyasəti də müharibəni qaçılmaz etdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 27 il kağız üzərində qaldı. İşğalçıya qarşı heç bir sanksiya tətbiq edilmədi, əksinə, işğalçıya havadarlıq edildi. Azərbaycan dəfələrlə bəyan edirdi ki, beynəlxalq hüquq işləmirsə, biz öz hüququmuzu döyüş meydanında bərpa edəcəyik.
Səbr kasasını daşıran son damla isə düşmənin növbəti hərbi təxribatı oldu. Sülhsevər və tolerant Azərbaycan xalqının səbir kasası daşmışdı. 2020-ci ilin sentyabrında cəbhəboyu yaşayış məntəqələrimizin ağır artilleriyadan atəşə tutulması Azərbaycan Ordusunu əks-hücum əməliyyatına başlamağa vadar etdi.Müharibə dövründə xalqımız bir yumruq kimi birləşdi. Hamımızın bir şüarı var idi: “Öldü var, döndü yoxdur!” Ön cəbhədə qəhrəman əsgər və zabitlərimiz misilsiz şücaət göstərir, arxa cəbhədə isə milyonlarla insan eyni əhval-ruhiyyə ilə yaşayırdı. Bu birlik bizi Zəfərə apardı.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq.” Onların dastana çevrilən qəhrəmanlığı heç vaxt unudulmayacaq.
Bu gün dövlət hər zaman öz əsgərinin yanındadır prinsipi real həyatda öz təsdiqini tapır. Yaralı hərbçilərimizin ən müasir üsullarla müalicəsi, onların reabilitasiyası və normal həyata qaytarılması dövlətin prioritetidir.
Eyni zamanda, bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən hərtərəfli köməklik göstərilir. Onlara evlərin, mənzillərin verilməsi, sosial müavinətlərin artırılması, məşğulluq məsələlərinin həlli dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Çünki biz bu Qələbəyə görə onlara borcluyuq və bu borcu heç vaxt unutmayacağıq.
Maştağa qəsəbəsi 187 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi Səkinə Musayeva
Bölməyə aid digər xəbərlər










Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.