01:35 / 02-07-2026
Azərbaycanda Polis Günüdür
Mətbuat cəmiyyətin güzgüsüdür

Mətbuat cəmiyyətin güzgüsüdür

Azərbaycan mətbuatının tarixi 22 iyul 1875-ci ildən başlayır. Həmin gün böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin ilk sayı nəşr olunaraq xalqımızın milli oyanışında, maariflənməsində və azad fikir mühitinin formalaşmasında mühüm rol oynadı. “Əkinçi” sadəcə bir qəzet deyildi – o, xalqın səsi, milli düşüncənin təməli idi. Bu tarix sonradan Azərbaycan mətbuatının doğum günü kimi qəbul edildi və hər il 22 iyul Milli Mətbuat Günü kimi qeyd olunur.
Mətbuat cəmiyyətin güzgüsüdür. O, xalqın düşüncəsini, problemlərini, arzularını və ideallarını əks etdirir. Zaman keçdikcə Azərbaycan mətbuatı da inkişaf etdi, yeni dövrlərin tələblərinə uyğunlaşdı, azad sözün daşıyıcısına çevrildi. Xüsusilə müstəqillik illərində mətbuatın rolu daha da artdı – o, demokratik dəyərlərin, milli birliyin və dövlətçilik ideyalarının təbliğatçısına çevrildi.
Azərbaycan mətbuatının inkişafında Ümummilli lider cənab Heydər Əliyevin rolu misilsizdir. O, mətbuatın azadlığını, jurnalistlərin peşəkar fəaliyyətini və informasiya mühitinin sağlam inkişafını hər zaman dəstəkləmişdir. Heydər Əliyev mətbuatı cəmiyyətin maariflənməsi və dövlətin möhkəmlənməsi üçün vacib bir qüvvə kimi qiymətləndirirdi. Onun rəhbərliyi dövründə mətbuat orqanlarının fəaliyyəti üçün hüquqi baza yaradıldı, jurnalistlərin sosial müdafiəsi gücləndirildi, azad sözün qorunması dövlət siyasətinin əsas prinsiplərindən birinə çevrildi. Bu gün də onun ideyaları Azərbaycan mətbuatının inkişaf yolunu müəyyənləşdirir.
Mətbuat yalnız xəbərləri çatdıran vasitə deyil, həm də milli kimliyimizin qoruyucusudur. Müasir dövrdə informasiya axınının sürətlə artdığı bir zamanda jurnalistlərin məsuliyyəti daha da böyüyür. Onlar cəmiyyətə doğru, obyektiv və faydalı məlumatlar təqdim etməklə həm maarifçilik missiyasını, həm də milli dəyərlərin təbliğini həyata keçirirlər.
Bu gün Azərbaycan mətbuatı çoxşaxəli və dinamik bir sistemə çevrilib. Qəzetlər, jurnallar, televiziya və internet portalları milli maraqların müdafiəsində, ictimai fikrin formalaşmasında mühüm rol oynayır. Hər bir jurnalist bu müqəddəs peşənin daşıyıcısı kimi azad sözün, vicdanın və məsuliyyətin keşikçisidir.
22 iyul – Milli Mətbuat Günü, yalnız bir peşə bayramı deyil, həm də azad düşüncənin, milli oyanışın və maarifçiliyin simvoludur. Bu gün biz “Əkinçi”nin ideallarını yaşadan, xalqın səsini dünyaya çatdıran bütün jurnalistləri hörmət və minnətdarlıqla yad edirik.
Maştağa qəsəbəsi, 293 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Fərzəli


Tarix: Bu gün, 11:41


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031