
Prezident cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşü zamanı səsləndirdiyi fikirlər təşkilatın qarşısında dayanan strateji vəzifələrin, mövcud regional reallıqların və türk dövlətləri arasında qarşılıqlı fəaliyyətin gələcək istiqamətlərinin aydın şəkildə ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır. Görüşün Bakıda keçirilməsi də təsadüfi deyil. Son dövrdə Azərbaycan TDT çərçivəsində siyasi, təhlükəsizlik, iqtisadi, nəqliyyat, enerji və humanitar istiqamətlər üzrə çoxtərəfli əməkdaşlığın fəallaşdırılmasına xüsusi diqqət yetirir. Türk Dövlətləri Təşkilatının 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra keçdiyi inkişaf yolu onun beynəlxalq münasibətlər sistemində getdikcə daha fəal aktora çevrildiyini göstərir. Təşkilatın gündəliyinin yalnız mədəni-humanitar məsələlərlə məhdudlaşmaması, təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, ticarət, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq kimi strateji sahələri əhatə etməsi TDT-nin institusional potensialının genişlənməsini şərtləndirən əsas amillərdəndir.
Cənab Prezidentin çıxışında diqqət çəkən mühüm məqamlardan biri TDT-nin beynəlxalq arenadakı rolunun daha da gücləndirilməsinin zəruriliyi ilə bağlıdır. Təşkilata üzv ölkələrin dövlət başçılarının ümumi mövqeyi ondan ibarətdir ki, mövcud potensialdan maksimum istifadə edilməklə TDT-nin beynəlxalq məsələlərdə daha fəal və təsirli mövqeyi təmin olunsun. Bu yanaşma türk dövlətləri arasında ikitərəfli münasibətlərin inkişafını çoxtərəfli əməkdaşlıq mexanizmləri ilə tamamlayır və ümumi maraqların daha geniş platformada ifadəsinə imkan yaradır. TDT məkanının geostrateji əhəmiyyəti də təşkilatın potensialını artıran əsas faktorlardandır. Türk dövlətləri Avropa ilə Asiyanı birləşdirən geniş coğrafiyada yerləşir. Bu coğrafiyadan mühüm enerji və nəqliyyat marşrutları keçir. Xəzər hövzəsi, Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə arasında formalaşan bağlantılar TDT məkanının qlobal enerji və nəqliyyat sistemində rolunu daha da artırır. Bu baxımdan enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları məsələləri artıq yalnız iqtisadi əməkdaşlığın deyil, ümumi təhlükəsizlik arxitekturasının da mühüm elementlərindən birinə çevrilir. Azərbaycanın bu prosesdə xüsusi coğrafi və strateji mövqeyi vardır. Ölkəmiz həm enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında, həm də Mərkəzi Asiya dövlətlərinin enerji resurslarının Xəzər vasitəsilə qərb istiqamətində tranzitində mühüm rol oynayır. Eyni zamanda Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşməklə Şərq-Qərb və digər regional nəqliyyat bağlantılarının inkişafında fəal iştirak edir. Bu imkanlar Azərbaycanın TDT çərçivəsində nəqliyyat və enerji təhlükəsizliyi məsələlərində rolunu şərtləndirən mühüm amillərdəndir.
Azərbaycanın TDT dövlətləri ilə münasibətləri yalnız çoxtərəfli platforma ilə məhdudlaşmır. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müxtəlif müttəfiqlik və strateji əməkdaşlıq sənədlərinin imzalanması, birgə investisiya mexanizmlərinin yaradılması və qarşılıqlı səfərlərin intensiv xarakter alması türk dövlətləri arasında əlaqələrin institusional əsaslarının möhkəmləndiyini göstərir. Prezident İlham Əliyevin çıxışında ifadə etdiyi “Türk dünyası bizim ailəmizdir” fikri Azərbaycanın türk dövlətləri ilə münasibətlərə verdiyi siyasi əhəmiyyəti xarakterizə edən mühüm tezisdir.
Nəbi Hacıyev – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Bölməyə aid digər xəbərlər









Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.