
Azərbaycan Respublikasının ərazisi yerləşdiyi coğrafi mövqeyə görə təbii resurslarla zəngin dövlətdir. Bu təbii resurslardan düzgün istifadə hər bir zaman prioritet məsələlərdən biri olmuşdur. Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının qəbul edilməsi ölkə iqtisadiyyatında yeni sənaye istiqamətinin formalaşmasına imkan yaradılması üçün atılmış mühüm addımdır. Ölkə iqtisadiyyatı, xüsusilə qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyan bu sahənin inkişafı ilə təbii resurslardan daha səmərəli istifadə olunması və hasilatdan emala qədər tam istehsal zəncirinin yaradılması qarşıya qoyulmuşdur. 2026-cı il aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahənin inkişafının təmin edilməsi ilə bağlı müvafiq Sərəncam imzalanmış, aylar ərzində proqramın hazırlanması istiqamətində işlər aparılmış və sentyabrın 23-də Dövlət Proqramı təsdiq edilmişdir. Proqramın icrası üçün 2027–2030-cu illərdə 5,3 milyard manat investisiya qoyuluşu nəzərdə tutulub ki, bunun da təqribən 80 faizinin qeyri-büdcə mənbələri hesabına formalaşdırılması planlaşdırılır. Yeni istehsal güclərinin yaradılması nəticəsində 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Bu isə ixracın yüz faiz artımdan daha çox olacağını göstərir.
Dövlət Proqramında Azərbaycanın zəngin mineral resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə yerləşən yataqların istismara verilməsinə də xüsusi diqqət ayrılmışdır. “Dəmirli”, “Söyüdlü”, “Filizçay”, “Daşkəsən” və digər perspektivli yataqlar üzrə layihələrin həyata keçirilməsi, qızıl, mis, polimetal və dəmir filizlərinin hasilatı və emalı imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, ölkənin müxtəlif ərazilərində, o cümlədən Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işlərinin genişləndirilməsi ilə yeni yataqların aşkar edilməsi qarşıya qoyulan əsas istiqamətlərdəndir. Dağ-mədən sənayesinin inkişaf istiqaməti yalnız filizin çıxarılması ilə məhdudlaşmaması , onun zənginləşdirilməsi və emalından başlayaraq daha yüksək əlavə dəyər yaradan məhsulların istehsalına qədər davam etdirilməsi gözlənir. Metallurgiya sənayesində də yeni istehsal güclərinin yaradılması, xüsusilə alüminium istehsalının artırılması və “xammal–emal–son məhsul” prinsipi əsasında istehsal zəncirinin genişləndirilməsi nəzərdə tutulur. Bu prosesdə dövlət müəssisələri ilə yanaşı, özəl sektorun və xarici investorların da iştirakı üçün imkanların yaradılması ölkənin investisiya və istehsal potensialının artırılmasına xidmət edəcəkdir.
Dövlət Proqramının həyata keçirilməsi nəticəsində ölkəmizdə yeni, müasir sənaye istiqamətinin yaradılması ilə yanaşı, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və məşğulluq imkanlarının genişləndirilməsi də nəzərə alınmışdır. Proqram çərçivəsində 5 mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur ki, bu da xüsusilə dağ-mədən layihələrinin həyata keçiriləcəyi bölgələr üçün mühüm əhəmiyyət daşıyır. Yeni müəssisələrin yaradılması nəqliyyat və logistika xidmətlərinin, yerli podratçı və təchizatçı şirkətlərin, eləcə də ixtisaslı kadrlara olan tələbatın artmasına səbəb olacaqdır. Eyni zamanda, mineral resursların xammal şəklində ixracı əvəzinə onların ölkə daxilində emal edilərək daha yüksək əlavə dəyərə malik məhsullara çevrilməsi qeyri-neft ixracının genişləndirilməsinə şərait yaradacaqdır. Beləliklə, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın təbii sərvətlərindən səmərəli istifadə olunması, dağ-mədən və metallurgiya sənayesinin yeni mərhələyə yüksəldilməsi, regionlarda məşğulluğun artırılması və ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm istiqamətlərdən birini təşkil edir. Məqsədyönlü edilən tədbirlərin nəticəsi tətbiq edilən sahələrdən asılı olaraq öz nəticəsini qısa müddətdə göstərəcəyi üçün yaxın dövr ərzində qeyri-neft sektorunda yeni cığır açacaqdır və buna görə də görülən tədbirlər yeni layihələrin həyat keçirilməsi üçün böyük rol oynayır.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta ümumtəhsil məktəbin
tarix müəllimi Türkan İsmayılova
Bölməyə aid digər xəbərlər










Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.