Cəbrayıl şəhər günü

Cəbrayıl şəhər günü



Qarabağın öz dilbər guşələri ilə seçilən gözəl yerlərindən biri də Cəbrayıl rayonudur. Rayonun adı mərkəz olan Cəbrayıl kəndinin adından götürülmüşdür. Cəbrayıl kəndinin əsası VIII əsrdə yaşamış Cəbrayıl ata qoymuşdur. O, Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuşdur.
Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdən biri olan Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. 1930-cu il avqustun 8-də mərkəzi Cəbrayıl kəndi olmaqla, Cəbrayıl rayonu təşkil edildi.Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib.
2020-ci ilin oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib. Cəbrayıl rayonu azad edildikdən sonra ölkə başçısı cənab İlham Əliyev dəfələrlə rayona səfər edib. İlk səfəri zamanı Xudafərin körpüsündə dövlət bayrağımızı ucaldıb. Dövlətimizin başçısı mayın 4-də "Cəbrayıl" qovşaq yarımstansiyasının da açılışını edib. Dövlət başçısı Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub. Eyni zamanda, Prezident 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının və Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak edib. Bundan əlavə, Dövlət başçısı Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub. Sonra Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı Cəbrayıl Memorial Kompleksinin və Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub.
Azərbaycan Prezidenti, həmçinin, 2023-cü il mayın 4-də Cəbrayıl rayonuna səfər edib. Dövlət başçısı Xudafərin qəsəbəsinin təməlini qoyub, “Azərenerji” ASC-nin “Cəbrayıl” enerji qovşağının açılışında iştirak edib, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC-nin, Şükürbəyli kəndinin təməlini qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonu ərazisində yaradılacaq
“Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin layihəsi ilə tanış olublar. Cəbrayıl üçün görüləcək işlər bununla bitmir. Hələ qarşıda nə qədər böyük layihələr var. Təbii, bütün bu infrastruktur və sənaye layihələri Cəbrayılın simasını dəyişəcək. Cəbrayıl abad, zəngin, əsl sahiblərinin yaşadığı, işlədiyi, onların nəfəsi ilə hər zaman var olacaq gözəl bir diyara çevriləcək.
Sabunçu rayonu Maştağa qəsəbəsi 293 saylı orta
məktəbin ingilis dili müəlliməsi
Mikayılova Lamiyə


Tarix: Bu gün, 12:56


Bölməyə aid digər xəbərlər


«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031