4 Oktyabr – Cəbrayıl şəhəri günü

4 Oktyabr – Cəbrayıl şəhəri günü


Cəbrayıl Azərbaycan tarixində həm qədim keçmişi, həm də Qarabağın işğal və azadlıq tarixində mühüm yeri ilə seçilən rayonlarımızdan biridir. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində rayonun yaşayış məntəqələri, məktəbləri, səhiyyə və mədəniyyət müəssisələri, tarixi abidələri dağıdılmış, əhali öz doğma torpaqlarından məcburi köçkün düşmüşdü. Cəbrayılın zəngin tarixi-mədəni irsinə ciddi zərər vurulmuş, qədim abidələr və Xudafərin körpüləri də dağıntıya məruz qalmışdı. Bununla belə, cəbrayıllılar illər ərzində öz doğma torpaqlarına qayıtmaq ümidini qoruyub saxladılar.
Cəbrayılın azadlığına aparan yol Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla bağlıdır. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun bir neçə kəndi işğaldan azad olundu. Cəbrayılın azad edilməsi hərbi baxımdan da mühüm əhəmiyyət daşıyırdı. Bu uğur Azərbaycan Ordusunun digər istiqamətlərdə irəliləməsi üçün geniş imkanlar yaratdı. İranla dövlət sərhədinin böyük hissəsində nəzarət bərpa edildi, Xocavənd rayonunun cənub kəndləri və Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatların aparılması üçün əlverişli şərait yarandı. Cəbrayılın azad olunması ilə yanaşı, Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması da tarixi hadisəyə çevrildi.
Cəbrayıl şəhərinin azad olunması yalnız hərbi qələbə deyil, həm də uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların ümidlərinin gerçəkləşməsi idi. 2023-cü ildə 4 oktyabrın Cəbrayıl şəhəri günü kimi müəyyən edilməsi bu tarixi hadisənin yaddaşımızda əbədiləşdirilməsinə xidmət edir.
Bu gün Cəbrayılın həyatında yeni mərhələ başlayıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Cəbrayılda da özünü göstərir. Şəhərin Baş planı hazırlanıb, yeni yaşayış kompleksləri, məktəblər, sosial obyektlər və yollar inşa edilir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması rayonun iqtisadi imkanlarının genişləndirilməsi baxımından mühüm addımlardandır. Elektrik enerjisi, yol və digər infrastrukturun qurulması isə Cəbrayılın gələcək inkişafı üçün əsas yaradır.
Ən mühüm proseslərdən biri isə Böyük Qayıdışdır. 2024-cü ildən başlayaraq cəbrayıllı ailələrin doğma şəhər və kəndlərinə qayıdışı həyata keçirilir. Artıq Cəbrayıl şəhərində, Horovlu və Şükürbəyli kəndlərində yeni yaşayış məhəllələri salınıb və sakinlərin məskunlaşması davam edir. Bu qayıdış illər əvvəl işğal səbəbindən yarımçıq qalmış həyatın yenidən bərpa olunması deməkdir.
Cəbrayılın tarixində 4 oktyabr artıq yalnız bir təqvim günü deyil. Bu tarix işğaldan azadlığın, doğma torpağa qayıdışın və gələcəyə inamın rəmzidir. Dağıdılmış bir rayonun yenidən qurulması göstərir ki, Cəbrayılın tarixi yalnız keçmişlə bağlı deyil,bu, həm də yeni quruculuq və inkişaf dövrünün tarixidir.
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin Tarix müəllimi Pərvin İbrahimova


Tarix: Bu gün, 13:01


Bölməyə aid digər xəbərlər


«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031