Genişlənən əməkdaşlıq və ortaq hədəflər

Genişlənən əməkdaşlıq və ortaq hədəflər


Prezident İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat ölkəmizin xarici siyasətində Cənub-Şərqi Asiya istiqamətinin yeni və mühüm bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu səfər və aparılan yüksəksəviyyəli danışıqlar iki ölkə arasında həm ikitərəfli, həm də çətir təşkilatları çərçivəsində mövcud olan siyasi dialoqun keyfiyyətcə yeni müstəviyə keçdiyini sübut edir.
Azərbaycan və Kamboca Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində sıx əməkdaşlıq edir, beynəlxalq platformalarda bir-birini ardıcıl olaraq dəstəkləyirlər. İkitərəfli təmasların intensivləşdirilməsi barədə əldə olunmuş razılıq xarici siyasət prioritetlərimizin reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Xüsusilə vurğulanmalıdır ki, parlamentlərarası əlaqələr müstəvisində də yüksək həmrəylik nümayiş etdirilir. Hər iki ölkənin qanunverici hakimiyyət orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Kambocanın dəstəyi ilə Azərbaycan parlamenti ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etmişdir. Bu uğur Cənub-Şərqi Asiya regionunun Azərbaycan üçün daşıdığı geostrateji əhəmiyyətin və xarici siyasətimizin prioritetlərinin bariz nümunəsidir.
Ölkələrimiz arasında ikitərəfli ticarət dövriyyəsi hələlik aşağı səviyyədə olsa da, Baş nazirin rəsmi səfərindən sonra bu sahədə ciddi canlanmanın olacağı gözlənilir. İqtisadi əməkdaşlığın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılması ticarət və investisiya imkanlarının genişləndirilməsinə xidmət edəcəkdir. Məsafə amili və məlumat çatışmazlığı kimi maneələrin aradan qaldırılması üçün Azərbaycan və Kamboca şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu mühüm platformadır. Bu forum hər iki ölkənin iqtisadi və investisiya prioritetlərini daha yaxından tanımasına, sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılmasına, habelə turizm və nəqliyyat-logistika sahələrində sıx əlaqələrin qurulmasına zəmin yaradır.
Nəticə etibarilə, oxşar tarixi çağırışlarla üzləşmiş Azərbaycan və Kamboca beynəlxalq hüquqa, suverenliyə və qarşılıqlı hörmətə sadiqlik göstərərək gələcək əməkdaşlıqlarını daha da möhkəmləndirmək əzmindədirlər. Imzalanmış sənədlər və əldə olunmuş razılaşmalar iki ölkə arasında uzunmüddətli və səmərəli tərəfdaşlığın etibarlı təməlini qoyur.
Nailə Nəsirova-Zabrat bələdiyyəsinin sədri


Tarix: Bu gün, 09:52


Bölməyə aid digər xəbərlər


«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031