
Azərbaycan tarixən İslam mədəniyyətinin mühüm mərkəzlərindən biri olmuş, ölkəmizdə dini-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirilmişdir. 2020–2026-cı illərdə Azərbaycanda İslam dininə dövlət qayğısının əsas istiqamətlərindən biri məscidlərin təmiri, bərpası, yenidən qurulması və dini-mədəni irsin gələcək nəsillərə çatdırılması olmuşdur.Hazırda ölkə ərazisində 2389 məscidin mövcud olduğu, bu məscidlərdə eyni vaxtda 600 min nəfərə yaxın insanın ibadət edə bildiyi qeyd olunur. Bu göstəricilər Azərbaycanda dini ibadət üçün yaradılmış şəraitin və məscidlərin cəmiyyətin mənəvi həyatındakı əhəmiyyətinin göstəricisidir. Məscidlərin bərpası yalnız dini ibadət yerlərinin yenilənməsi deyil, həm də xalqımızın tarixi yaddaşının, milli-mənəvi dəyərlərinin və memarlıq irsinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.2020-ci ildən sonrakı dövrdə məscidlərin təmiri və bərpası işləri, xüsusilə işğaldan azad olunmuş ərazilərdə, diqqət mərkəzində olmuşdur. Uzun illər işğal altında qalmış Qarabağ və Şərqi Zəngəzur ərazilərində yerləşən bir sıra məscidlər dağıntılara və ciddi zədələnmələrə məruz qalmışdır. Bu dini abidələrin bərpası Azərbaycanın mədəni irsinin qorunması, tarixi ədalətin təmin edilməsi və bölgənin yenidən dirçəldilməsi baxımından mühüm vəzifələrdən biridir.Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi və Saatlı məscidi ,Mamayı məscidi ,Çöl qala məscidi Qarabağın zəngin dini-memarlıq irsinin nümunələridir. Bu abidələrin bərpası və qorunması istiqamətində görülən işlər onların tarixi-memarlıq xüsusiyyətlərinin saxlanılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Ağdam Cümə məscidi də işğal dövründə ciddi zərər görmüş dini abidələrdən biri kimi xüsusi əhəmiyyət daşıyır. Onun bərpası Ağdamın tarixi simasının və dini həyatının yenidən canlandırılması baxımından mühüm addımdır.İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası ilə yanaşı, yeni yaşayış məntəqələrinin salınması və əhalinin doğma torpaqlarına qayıdışı üçün şəraitin yaradılması da həyata keçirilən genişmiqyaslı quruculuq prosesinin tərkib hissəsidir. Məscidlərin yenidən fəaliyyətə başlaması bölgədə dini mərasimlərin keçirilməsinə, icma həyatının canlanmasına və insanların mənəvi ehtiyaclarının qarşılanmasına imkan yaradır.Azərbaycanda məscidlərin təmiri və bərpası istiqamətində görülən işlər dövlətin dini-mənəvi irsə münasibətini əks etdirir. Bu fəaliyyət dini abidələrin qorunması, tolerantlıq ənənələrinin möhkəmləndirilməsi, milli-mədəni irsin təbliği və ölkənin tarixi-memarlıq dəyərlərinin beynəlxalq səviyyədə tanıdılması baxımından əhəmiyyətlidir.Qeyd etmək lazımdır ki , Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahının təmir-bərpası üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2025-ci ildə 550 min manat vəsait ayrılmışdır. Ziyarətgahda bərpa işləri başa çatdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əmircan qəsəbəsində yerləşən İmam məscidinin təmir-bərpası üçün 2025-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 600 min manat vəsait ayrılmışdır. Bütün bu tədbirlər Azərbaycanın zəngin dini-memarlıq irsinin yaşadılmasına, milli-mənəvi dəyərlərin qorunmasına, dini tolerantlığın möhkəmləndirilməsinə və gələcək nəsillərə ötürülməsinə xidmət edir.
142 nömrəli tam orta məktəbinin coğrafiya müəllimi
Gülşən Mehdiyeva
Bölməyə aid digər xəbərlər










Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.