DİNİ DƏYƏRLƏRƏ DÖVLƏT QAYĞISI: MƏSCİDLƏRDƏN YÜKSƏLƏN MƏNƏVİ İŞIQ

DİNİ DƏYƏRLƏRƏ DÖVLƏT QAYĞISI: MƏSCİDLƏRDƏN YÜKSƏLƏN MƏNƏVİ İŞIQ


Məscidin minarəsi yalnız göyə qalxan daş deyil, xalqın inamının, yaddaşının və mənəvi dayağının nişanəsidir. Azərbaycan dövləti son illərdə məhz bu dəyərləri qorumağı, dini-mədəni irsi gələcək nəsillərə çatdırmağı siyasətinin mühüm tərkib hissəsinə çevirmişdir. Bu siyasət məscidlərin bərpasından din xadimlərinə və dini qurumlara göstərilən qayğıya qədər geniş sahəni əhatə edir.
Hazırda ölkə ərazisində 2389 məscid fəaliyyət göstərir və bu məscidlərdə eyni vaxtda təxminən 600 min nəfər ibadət edə bilər. 2020-2025-ci illərdə dövlət dəstəyi ilə, eyni zamanda Heydər Əliyev Fondu tərəfindən müxtəlif bölgələrdə məscidlərin təmir-bərpa və yenidənqurma işləri aparılmışdır. Bunlar arasında Şəki şəhərindəki "Xan" məscidi, Bakıdakı "Cümə" məscidi, Şamaxıdakı "Pirsaat Baba" ziyarətgah-məscid kompleksi və Naxçıvandakı "Heydər" məscid kompleksi də var.
Bu işlər işğaldan azad olunmuş torpaqlarda xüsusi mənəvi çalar qazanıb. Şuşada "Yuxarı Gövhər Ağa", "Aşağı Gövhər Ağa", "Saatlı" və digər məscidlər, Ağdamda "Cümə" məscidi, Zəngilan şəhər məscidi və Hadrut qəsəbə məscidi bərpa olunub. Otuz il sükut içində qalan məscidlərdə yenidən azan səsi ucalır və bu səs təkcə ibadətə çağırış deyil, ədalətin bərpasının da simvoludur.
Dövlət qayğısı bununla məhdudlaşmır. 2025-ci ildə Mərdəkandakı Pir Həsən ziyarətgahının bərpası üçün 550 min manat, Əmircandakı İmam məscidinin təmiri üçün 600 min manat vəsait ayrılmış, hər iki obyektdə işlər başa çatdırılmışdır. 2026-cı ildə isə Gəncədəki Cümə (Şah Abbas) məscidinin təmir-bərpası üçün ilkin olaraq 1,6 milyon manat ayrılmışdır. Şuşa, Cəbrayıl, Füzuli və Laçında yeni məscidlərin tikintisi davam edir.
Din xadimlərinə göstərilən dəstək də diqqətəlayiqdir. Hazırda dini ibadət yerlərinə təyin olunmuş din xadimlərinin sayı 1479 nəfərdir. Məhz buna görə maddi dəstək alan din xadimlərinin sayı 2020-ci ildəki 984 nəfərdən 1204 nəfərə çatdırılmışdır. 2025-ci ildə 1197 din xadiminə Zəfərin 5 illiyi münasibətilə əlavə birdəfəlik maddi yardım göstərilmişdir.
Rəqəmlər dini qurumlara dövlət qayğısının miqyasını da göstərir. 2026-cı ildə dini sahəyə dövlət tərəfindən 30 milyon manatdan artıq vəsait ayrılıb. Dini konfessiyalara dövlət maliyyə dəstəyi 2020-ci ildəki 3,25 milyon manatdan 2026-cı ildə 6,3 milyon manata çatıb. Dövlət qeydiyyatında olan dini icmaların sayı isə 2015-ci ildəki 645-dən 994-ə yüksəlib, onlardan 956-sı İslam dini icmalarıdır.
Beləliklə, məscidlərin bərpası tək daşların üst-üstə qoyulması deyil, tarixi yaddaşın, dini-mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması deməkdir. Vicdan azadlığının təmin olunduğu, hər kəsin öz inancına sərbəst yanaşdığı ölkədə dini dəyərlərə dövlət qayğısı cəmiyyətdə tolerantlığı, birliyi və sabitliyi gücləndirir.
Heydərli Fərzanə
Bakı şəhəri Sabunçu rayonu Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi


Tarix: Bu gün, 13:20


Bölməyə aid digər xəbərlər


«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031