Səttar Möhbalıyev:" Zəngilanın Zəfər salnaməsi və doğma yurda qayıdışın təntənəsi"

Səttar Möhbalıyev:" Zəngilanın Zəfər salnaməsi və  doğma yurda qayıdışın təntənəsi"

Oktyabrın 20-də qeyd etdiyimiz Zəngilan şəhəri günü xalqımızın yaddaşında həm ağır sınaqların, həm misilsiz qəhrəmanlığın, həm də böyük Zəfərin rəmzi kimi yaşayır. Bu tarix bizə bir daha xatırladır ki, Vətən torpağına bağlılıq zamanın sınağından keçir, xalqın iradəsi isə ən çətin məqamlarda belə sınmır. 

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Zəngilanın tarixi taleyi Azərbaycanın mürəkkəb ictimai-siyasi proseslərlə üzləşdiyi dövrlərlə sıx bağlıdır. XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılan inzibati ərazi bölgüsü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmiş, Zəngilan da həmin inzibati əraziyə daxil olmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycanın işğalından sonra bölgənin taleyində yeni və ağır mərhələ başlanmışdır. Sovet hakimiyyətinin ilk illərində Zəngəzur qəzasının bir hissəsinin Ermənistana birləşdirilməsi nəticəsində tarixi-coğrafi bütövlük pozulmuş, Laçın, Qubadlı və Zəngilan əraziləri Azərbaycanın tərkibində qalmışdır. Bu hadisələr Cənubi Qafqazda sonrakı dövrlərdə yaranan siyasi və ərazi problemlərinin tarixi fonunu təşkil edir. Zəngilanın coğrafi mövqeyi də onun strateji əhəmiyyətini müəyyənləşdirən əsas amillərdəndir. Rayon şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan Araz çayı boyunca İranla, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Araz, Oxçuçay, Həkəri və Bəsitçay kimi çayların ərazidən keçməsi, zəngin təbii sərvətləri və əlverişli kənd təsərrüfatı imkanları Zəngilanı Azərbaycanın mühüm iqtisadi-coğrafi bölgələrindən birinə çevirib. Zəngilanın dini irsi də bu torpağın mənəvi zənginliyinin göstəricisidir. Müxtəlif kəndlərdəki qədim məscidlər, türbələr və ziyarətgahlar nəsillərin inancını, adət-ənənələrini və mənəvi dünyasını özündə birləşdirir. Bu irsə sahib çıxmaq yalnız tarixi abidələri qorumaq deyil, həm də xalqın yaddaşını gələcək nəsillərə ötürmək deməkdir. Zəngilanın müasir tarixində ən ağrılı səhifələrdən biri 1993-cü ildə yaşanıb. Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra Zəngilan son dərəcə ağır vəziyyətə düşdü. Rayon əhalisi 67 gün tam mühasirə şəraitində düşmənə qarşı mübarizə apardı. İnsanlar doğma torpaqlarını tərk etmək istəməsələr də, yaranmış şərait onların qarşısında son dərəcə çətin seçim qoydu. 1993-cü il oktyabrın 25-dən 29-dək davam edən hadisələr zamanı zəngilanlılar son ana qədər müqavimət göstərdilər. 235 nəfər şəhid və itkin verildi. Əhali Araz çayını keçərək İran ərazisindən Azərbaycana gəldi və ölkənin 43 rayonunda müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal dövründə rayonun tarixi və dini abidələrinin dağıdılması, talan edilməsi, onların bir qisminin təyinatına uyğun olmayan məqsədlərlə istifadə olunması da xalqımızın mədəni irsinə vurulan ağır zərbə idi. Zəngilan şəhərindəki XIX əsrə aid tarixi məscidin işğal zamanı tövlə kimi istifadə olunması bu vandalizmin acı nümunələrindəndir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın taleyində yeni mərhələnin əsasını qoydu. Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurlar, əsgər və zabitlərimizin fədakarlığı, xalqımızın birliyi torpaqlarımızın işğaldan azad olunmasına aparan yolu müəyyənləşdirdi. Cəbrayıl istiqamətində qazanılan uğurlar Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Oktyabrın 18-də Zəngilanın azadlığı uğrunda əməliyyatlar başlandı. İki gün sonra isə Azərbaycan xalqı çoxdan gözlədiyi tarixi xəbəri aldı. 2020-ci il oktyabrın 20-də cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciəti zamanı Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Birinci Muğanlı kəndlərinin, eləcə də Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Sonrakı döyüşlər nəticəsində rayonun ümumilikdə 4 qəsəbəsi və 49 kəndi azad olundu. Zəngilanın azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədinin işğal altında qalmış 132 kilometrlik hissəsi də bərpa olundu. Bu, hərbi-strateji baxımdan mühüm nailiyyət olmaqla yanaşı, dövlət sərhədlərimizin bütövlüyünün təmin edilməsi istiqamətində əhəmiyyətli addım idi. 2020-ci il noyabrın 26-da təsis edilmiş “Zəngilanın azad olunmasına görə” medalı bu tarixi qələbənin iştirakçılarına göstərilən dövlət ehtiramının ifadəsinə çevrildi.  Zəngilan şəhəri gününün cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilməsi isə bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinə xidmət edir. 

Millət vəkili onu da deyib ki, Zəngilanın azadlığı ilə qarşıda yeni və məsuliyyətli mərhələ açıldı. Uzun illər işğal altında qalmış ərazilərdə həyatın bərpası, dağıdılmış infrastrukturun yenidən qurulması, əhalinin doğma yurda qayıdışının təmin edilməsi böyük təşkilati, iqtisadi və texniki işlər tələb edirdi. 2020-ci il dekabrın 23-də Zəngilan şəhərində Azərbaycan bayrağının qaldırılması azad edilmiş torpaqlarda dövlət suverenliyinin və milli qürurun rəmzi idi. Sonrakı illərdə isə bu torpaqda yeni həyatın qurulması üçün ardıcıl addımlar atıldı. 2021-ci il aprelin 26-da Ağalı kəndlərini əhatə edən ilk “Ağıllı kənd” layihəsinin təməli qoyuldu. Həmin səfərdə Zəngilan Beynəlxalq Hava Limanının və Zəngilan-Horadiz avtomobil yolunun təməli də qoyuldu. Sonrakı səfərlərdə elektrik yarımstansiyalarının, yaşayış komplekslərinin, məktəblərin, məscidin, kəndlərin və digər mühüm obyektlərin tikintisi ilə bağlı işlər davam etdirildi. Zəngilanın dirçəlişinin ən təsirli göstəricisi keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmasıdır. 2026-cı il oktyabrın 1-dək Zəngilan şəhərində 84 ailə, ümumilikdə 339 nəfər məskunlaşıb. Ağalı kəndində 234 ailə, 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, 903 nəfər doğma torpaqlarına qayıdıb. Dövlətin qarşıya qoyduğu əsas vəzifələrdən biri qayıdan insanların məşğulluğunun təmin edilməsidir. Yeni sakinlərin peşə və bacarıqlarına uyğun işlə təmin olunması, onların dövlət qurumlarında, tikinti şirkətlərində, ictimai iaşə obyektlərində, tikiş fabrikində və digər sahələrdə çalışması üçün imkanların yaradılması doğma yurdda davamlı həyatın qurulmasına xidmət edir. Zəngilanın bərpasında tarixi-mədəni irsin qorunması da xüsusi yer tutur. Heydər Əliyev Fondu tərəfindən Zəngilan şəhər məscidinin bərpası bu baxımdan əlamətdar hadisədir. İşğal zamanı ciddi zərər görmüş XIX əsrə aid tarixi məscid konservasiya edilib, onun yanında yeni məscid inşa olunub. Bu işlər dini-mənəvi irsin qorunması ilə yanaşı, şəhərin yeni həyatında mənəvi dəyərlərin yaşadılmasına da xidmət edir. Zəngilanın gələcəyi onun təbii imkanlarının, əlverişli coğrafi mövqeyinin və insan potensialının səmərəli istifadəsi ilə bağlıdır. Kənd təsərrüfatı, turizm, nəqliyyat və sənaye sahələrinin inkişafı rayonun iqtisadi həyatına yeni məzmun gətirir. Bu istiqamətlərdə həyata keçirilən layihələr əhalinin məşğulluğunun genişləndirilməsi və bölgənin dayanıqlı inkişafı üçün imkanlar yaradır.
20 Oktyabr-Zəngilan şəhəri günü bizi həm keçmişin ağrılarını xatırlamağa, həm də bu günün nailiyyətlərini qiymətləndirməyə çağırır. Zəngilanın tarixində işğal və məcburi köçkünlük səhifələri də var, qəhrəmanlıq və Zəfər səhifələri də. Bu gün Zəngilanın küçələrində yeni evlərin işıqları yanır, doğma torpağa qayıdan ailələr gələcəyə ümidlə baxır. Bu şəhərin hər yeni binası, hər salınan yolu, hər açılan müəssisəsi Azərbaycan xalqının əzminin və dövlətimizin quruculuq iradəsinin ifadəsidir. Zəngilanın Zəfər salnaməsi bununla tamamlanmır. İndi bu salnamənin yeni səhifələrini öz yurdunda yaşayan insanlar, qurulan ailələr, yetişən uşaqlar və inkişaf edən şəhər yazır. Oktyabrın 20-si isə hər il bizə xatırladır ki, doğma torpağa qayıdış xalqın yaddaşında yaşayan arzunun gerçəyə çevrilməsi, tarix qarşısında milli iradənin təntənəsidir-deyə Səttar Möhbalıyev fikrini yekunlaşdırıb.


Tarix: Bu gün, 15:00


Bölməyə aid digər xəbərlər


«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031