
Qubadlı Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi və əlverişli coğrafi mövqeyi ilə seçilən rayonlarından biridir. Rayon ölkəmizin cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. Qubadlının tarixi torpaqlarımızın taleyi ilə sıx bağlıdır. Bu gün rayonun işğaldan azad edilməsi və yenidən qurulması Azərbaycanın tarixi qələbəsinin mühüm nəticələrindəndir.
Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal illərində rayonun yaşayış məntəqələri, tarixi abidələri və infrastrukturu dağıdılmış, əhali doğma yurdlarından didərgin düşmüşdü. İşğal dövründə ərazidə həyata keçirilən qanunsuz məskunlaşdırma siyasəti də rayonun tarixi və demoqrafik mənzərəsinə təsir göstərmişdi. Lakin qubadlılılar doğma torpaqlarına qayıtmaq ümidini heç vaxt itirmədilər.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Qubadlının azadlığına da yol açdı. Azərbaycan Ordusunun qəhrəmanlığı və uğurlu hərbi əməliyyatları nəticəsində oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi. Bu hadisə xalqımızın qələbəyə inamını daha da gücləndirdi və müharibənin gedişində mühüm mərhələyə çevrildi. Qubadlının azad edilməsi Azərbaycan Ordusunun Laçın istiqamətində irəliləməsi üçün əlverişli şərait yaratdı. Bu istiqamətdə əldə olunan hərbi uğurlar düşmənin mövqelərini zəiflətdi və qələbənin yaxınlaşmasında mühüm rol oynadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, Qubadlı şəhərinin azad edilməsi qələbəmizi yaxınlaşdıran tarixi hadisə idi.
Qubadlının azad olunması yalnız hərbi uğur deyil, həm də tarixi ədalətin bərpası demək idi. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev Qubadlı şəhərində Azərbaycan bayrağını ucaltdı. Bu hadisə rayonun azadlığının rəmzinə çevrildi. Qubadlının strateji mövqeyi onun ölkəmizin təhlükəsizliyi və bölgənin gələcək inkişafı baxımından əhəmiyyətini daha da artırır.
Bu gün Qubadlıda yeni inkişaf dövrü başlayıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri çərçivəsində rayonun infrastrukturunun yenidən qurulmasına xüsusi diqqət yetirilir. 2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev Yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bu yolun inşası rayonun nəqliyyat imkanlarının genişləndirilməsi və bölgənin iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Qubadlıya qayıdış təkcə evlərin və yolların bərpası deyil, həm də illərlə doğma yurd həsrəti çəkən insanların arzularının gerçəkləşməsidir. Qarşıda görüləcək işlər çox olsa da, həyata keçirilən layihələr rayonun gələcəyinə inam yaradır.
Qubadlının azad edilməsi Azərbaycan xalqının birliyinin, ordumuzun gücünün və Vətən sevgisinin parlaq nümunəsidir. Bu gün Qubadlıda yeni həyatın qurulması bir daha göstərir ki, doğma torpaqlarımızı qorumaq, onları yenidən qurmaq və gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. Qubadlı öz sahiblərinə qayıdıb və onun yeni inkişaf tarixi davam edir.
Bakı şəhəri Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta ümumtəhsil məktəbinin Tarix müəllimi Pərvin İbrahimova
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.