
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi əsasında
Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illərə söykənən dostluq, qarşılıqlı hörmət və etimada əsaslanır. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə bu əlaqələrin mühüm istiqamətlərindən biri olan humanitar əməkdaşlığa xüsusi diqqət yetirilib. Dövlət başçısı vurğulayıb ki, xalqlar arasında mədəni və humanitar əlaqələr ölkələri birləşdirən möhkəm körpü rolunu oynayır.
Azərbaycan–Vyetnam münasibətlərinin tarixi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə bağlıdır. Sonrakı illərdə dostluq əlaqələri müxtəlif sahələrdə inkişaf edib. Heydər Əliyev Fondunun fəaliyyəti də bu münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verir. Fond Vyetnamda humanitar təşəbbüslərin, infrastruktur layihələrinin və təhsil proqramlarının həyata keçirilməsinə dəstək göstərir. Bu fəaliyyətin nümunələrindən biri Ha Giang əyalətində ibtidai məktəbin tikintisidir.
Müsahibədə qeyd olunur ki, humanitar əlaqələr yalnız maddi yardımla məhdudlaşmır. Təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq da xalqların bir-birini daha yaxından tanımasına şərait yaradır. 2025-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri bu istiqamətdə mühüm addım olub. Səfər çərçivəsində ölkə rəhbərləri, yaradıcı ziyalıların nümayəndələri və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilib, Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi göstərilib.
Elm və təhsil sahəsində əlaqələrin tarixi ənənələri də diqqətəlayiqdir. Sovet dövründə təxminən beş min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb. Onlar burada qazandıqları bilik və təcrübəni sonradan öz ölkələrinin inkişafı naminə tətbiq ediblər. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması isə iki ölkə arasındakı dostluğun rəmzi hadisələrindən biri kimi dəyərləndirilir.
Mədəni əməkdaşlıq da bu münasibətləri daha da zənginləşdirir. Azərbaycanda Vyetnam Günlərinin keçirilməsi, 2026-cı ildə festivalın Bakı ilə yanaşı Qəbələni də əhatə etməsi, vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycanda nəşri qarşılıqlı mədəni marağın göstəriciləridir. Azərbaycan tərəfinin Vyetnamda baş vermiş təbii fəlakətlərdən sonra göstərdiyi maliyyə yardımı isə dostluğun çətin məqamlarda da özünü doğrultduğunu nümayiş etdirir.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində səsləndirilən fikirlər göstərir ki, Azərbaycan və Vyetnam arasında humanitar əməkdaşlıq ikitərəfli münasibətlərin mühüm dayaqlarından biridir. Təhsil, elm, mədəniyyət və xeyriyyəçilik sahələrində birgə təşəbbüslərin davam etdirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir və gələcək tərəfdaşlıq üçün möhkəm zəmin yaradır.
Sabunçu rayonu İlqar Əliyev adına 96 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Çiçək Daşdəmirova
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.