
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilən IV Qlobal Media Forumu beynəlxalq media nümayəndələrinin,ekspertlərin diqqət mərkəzində olan mühüm tədbirlərdən biri kimi yadda qaldı.Dünyanın müxtəlif ölkələrindən gəlmiş yüzlərlə iştirakçının qatıldığı forum informasiya mübadiləsi,qlobal çağırışların müzakirəsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı forumun artıq beynəlxalq əhəmiyyət daşıyan nüfuzlu platformaya çevrildiyini vurğulayıb. Dövlət başçısı bildirib ki, tədbirə maraq hər il daha da artır, iştirakçıların coğrafiyası genişlənir və bu, forumun qlobal media məkanında qazandığı nüfuzun göstəricisidir.
Prezident qeyd edib ki, müxtəlif ölkələrdən jurnalistlərin, media rəhbərlərinin, ekspertlərin və kommunikasiya sahəsinin nümayəndələrinin Şuşada bir araya gəlməsi təkcə Azərbaycanın deyil, bütövlükdə regionun beynəlxalq dialoq məkanı kimi artan rolunu nümayiş etdirir. Onun sözlərinə görə, forum fərqli baxışların müzakirə edildiyi, aktual qlobal informasiya gündəliyinin təhlil olunduğu və media sahəsində əməkdaşlığın inkişafına xidmət edən mühüm platformadır.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda, xüsusilə Qarabağda və Şuşada belə mötəbər beynəlxalq auditoriyanı qəbul etmək böyük şərəfdir. Bu, həm ölkənin beynəlxalq nüfuzunun, həm də Qarabağda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin dünya ictimaiyyətinə nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Cari ilin bir neçə ayı ərzində Brüsseldən Azərbaycana bir sıra mühüm səfərlər həyata keçirilib. Bu səfərlər Azərbaycan ilə Avropa institutları arasında dialoqun davam etdiyini, qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın inkişaf etdiyini göstərir. Dövlət başçısının sözlərinə görə, qarşılıqlı təmasların intensivləşməsi regionda sabitlik, iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi sahələrində yeni imkanlar yaradır.
Çıxışında Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərinə də toxunub. O bildirib ki, Ermənistanın işğalçı qüvvələri Azərbaycan ərazilərindən tam çıxarılana və ölkənin ərazi bütövlüyü tam bərpa edilənə qədər Azərbaycan Avropa Şurası Parlament Assambleyasında (AŞPA) heç vaxt sanksiyalarla üzləşməyib. Dövlət başçısı bu məqama diqqət çəkərək beynəlxalq münasibətlərdə qərarların obyektivlik, beynəlxalq hüquq və bərabər yanaşma prinsiplərinə əsaslanmasının vacibliyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan–ABŞ münasibətlərindən də bəhs edərək bildirib ki, Birləşmiş Ştatlar ilə Azərbaycan arasında əlaqələr hazırda yüksək səviyyədə inkişaf edir. Onun sözlərinə görə, Tramp Administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır və bu əlaqələrin həqiqi strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur. Dövlət başçısı qeyd edib ki, iki ölkə arasında siyasi dialoq, enerji təhlükəsizliyi, regional sabitlik və iqtisadi əməkdaşlıq istiqamətlərində qarşılıqlı fəaliyyət üçün geniş perspektivlər mövcuddur.
Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu xarici siyasət, iqtisadi islahatlar və strateji layihələr ölkənin beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Artıq beynəlxalq ekspertlər də Azərbaycanı regionun orta güclərindən biri kimi dəyərləndirir. Müstəqil və balanslaşdırılmış siyasət, milli maraqlara söykənən qərarlar, eləcə də regional və qlobal proseslərdə fəal iştirak bu mövqenin formalaşmasında əsas amillərdən hesab olunur.
Ölkənin inkişaf strategiyasında enerji sektoru mühüm yer tutur. Ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji sahəsinin inkişafı da prioritet istiqamətlərdəndir. Günəş və külək enerjisi üzrə həyata keçirilən iri layihələr Azərbaycanın enerji potensialının şaxələndirilməsinə, "yaşıl enerji" istehsalının artırılmasına və qlobal enerji keçidinə töhfə verməsinə xidmət edir.
Qlobal enerji bazarında baş verən dəyişikliklər də Azərbaycanın strateji əhəmiyyətini artırıb. Rusiya–Ukrayna müharibəsinin başlanmasından sonra Avropada enerji təhlükəsizliyi məsələləri ön plana çıxıb və nəticədə Azərbaycan qazına tələbat əhəmiyyətli dərəcədə yüksəlib. Bu proses ölkənin etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da möhkəmləndirib və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirib.
İnkişaf strategiyasının mühüm istiqamətlərindən biri də rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının tətbiqidir. Dövlət idarəçiliyində, iqtisadiyyatda və müxtəlif xidmət sahələrində rəqəmsal həllərin genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və süni intellekt imkanlarından səmərəli istifadə ölkənin gələcək inkişaf prioritetləri sırasında xüsusi yer tutur. Bu istiqamətdə həyata keçirilən layihələr Azərbaycanın rəqabət qabiliyyətinin artırılmasına, innovasiya ekosisteminin gücləndirilməsinə və dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə xidmət edir.
Bütün bu istiqamətlər Azərbaycanın müasir çağırışlara uyğun inkişaf modelini formalaşdırdığını, beynəlxalq nüfuzunu daha da möhkəmləndirdiyini və regionun aparıcı siyasi, iqtisadi və enerji mərkəzlərindən biri kimi mövqeyini gücləndirdiyini nümayiş etdirir.
Azərbaycanın inkişaf strategiyasında bərpaolunan enerji xüsusi yer tutur. Ölkə günəş, külək və digər alternativ enerji mənbələri üzrə böyük potensiala malikdir və bu imkanlardan səmərəli istifadə enerji təhlükəsizliyinin gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və "yaşıl inkişaf" hədəflərinə nail olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Beynəlxalq münasibətlərə toxunularkən müstəmləkəçilik siyasətinin müasir dövrdə qəbuledilməz olduğu vurğulanıb. Prezident İlham Əliyev qeyd edib ki, XXI əsrdə minlərlə kilometr uzaqlıqda yerləşən ərazilər üzərində müstəmləkə idarəçiliyinin davam etdirilməsi beynəlxalq hüququn prinsipləri ilə uzlaşmır, xüsusilə də həmin ərazilərin sakinləri belə idarəçiliyi qəbul etmədikdə. Azərbaycanın bu məsələyə həssas yanaşmasının səbəblərindən biri də ölkənin tarixən müstəmləkə şəraitində yaşamış olması ilə əlaqələndirilib.
Eyni zamanda, Fransada hüquqi əsası olmayan qondarma "Dağlıq Qarabağ"ın qondarma nümayəndəliyinin fəaliyyət göstərməsi ikili yanaşmanın nümunəsi kimi qiymətləndirilib. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi beynəlxalq səviyyədə tanındığı halda, belə təşəbbüslər regional sülh və etimad mühitinə xidmət etmir.
Dövlət başçısı vurğulayıb ki, ötən otuz ildən artıq müddətdə Azərbaycan müstəqil siyasəti, güclənən iqtisadiyyatı və artan beynəlxalq nüfuzu sayəsində orta gücə malik dövlətə çevrilib. Bu inkişafın əsas prinsiplərindən biri isə heç vaxt işğalla barışmamaq, beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünün bərpası uğrunda ardıcıl mübarizə aparmaq olub. Bu yanaşma Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət kimi mövqeyini daha da möhkəmləndirib.
Beynəlxalq münasibətlər sistemində sülhün, təhlükəsizliyin və ədalətli əməkdaşlığın möhkəmləndirilməsi qlobal gündəliyin əsas mövzularından biri olaraq qalır. Bu kontekstdə BMT-də islahatların aparılması, xüsusilə də Təhlükəsizlik Şurasının fəaliyyətinin daha səmərəli və müasir reallıqlara uyğunlaşdırılması məsələsi vaxtaşırı müzakirə edilir. Qlobal idarəetmə mexanizmlərinin daha ədalətli və effektiv olması üçün qərarların daha geniş təmsilçilik prinsipi əsasında qəbul edilməsi zərurəti ön plana çıxır.
Bu baxımdan, inklüzivlik prinsipi beynəlxalq münasibətlərdə mühüm əhəmiyyət daşıyır. Fərqli regionların və dövlətlərin maraqlarının nəzərə alınması, qlobal qərarların daha geniş konsensus əsasında qəbul edilməsi beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə və beynəlxalq hüququn prinsiplərinin daha səmərəli tətbiqinə töhfə verə bilər.
Prezident İlham Əliyev çıxışının sonunda sülhün və əməkdaşlığın vacibliyini xüsusi vurğuladı.Sülhün bərqərar olunması isə yalnız ayrı-ayrı regionlar üçün deyil, bütün dünya üçün ortaq məqsəddir. Afrikada davamlı sülhün və sabitliyin təmin edilməsi qlobal təhlükəsizliyin ayrılmaz hissəsi hesab olunur. Dünyanın istənilən bölgəsində münaqişələrin aradan qaldırılması, humanitar problemlərin həlli və dayanıqlı inkişafın təşviqi beynəlxalq ictimaiyyətin birgə səylərini tələb edir.
Azərbaycanın son onilliklərdə keçdiyi yol münaqişədən inkişaf mərhələsinə keçidin nümunəsi kimi qiymətləndirilə bilər. Xalq uzun illər işğalın ağır nəticələri, dağıntılar və humanitar çətinliklərlə üzləşib. Bununla yanaşı, Vətən müharibəsində qazanılan Zəfər yeni inkişaf mərhələsinin əsasını qoyub. Hazırda azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri həmin tarixi dönüşün praktik nəticəsi kimi çıxış edir və ölkənin gələcək inkişafına xidmət edən mühüm prosesə çevrilib. Bu gün Azərbaycan cəmiyyəti həm həmin dirçəliş prosesinin şahididir, həm də onun fəal iştirakçısıdır.
IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan yalnız regionun deyil, qlobal gündəliyin mühüm məsələləri üzrə söz sahibi olan, etibarlı tərəfdaş və məsuliyyətli beynəlxalq mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin forumda səsləndirdiyi fikirlər isə ölkəmizin gələcək inkişaf kursunun əsas istiqamətlərini və dünyaya verdiyi mühüm mesajları aydın şəkildə ortaya qoydu.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Ülviyyə Fərzalıyeva
Bölməyə aid digər xəbərlər







