
XX əsr boyu həyata keçirilən deportasiyalar və təzyiqlər nəticəsində azərbaycanlılar bu torpaqlardan tamamilə çıxarılmış, bununla yanaşı onların mədəni irsi də sistemli şəkildə məhv edilmiş və ya saxtalaşdırılmışdır.
Məhv edilən və təhrif edilən abidələr arasında məscidlər və dini tikililər xüsusi yer tutur. XX əsrin əvvəllərində İrəvan şəhərində Sərdar, Şah Abbas, Təpəbaşı kimi 8-dən çox böyük məscid mövcud idi. Bunların böyük əksəriyyəti tamamilə sökülmüş və ya dağıdılmışdır. Şəhərdə nisbətən saxlanılan tək-tük məscidlərdən biri olan Göy Məscidin isə tarixi kökləri təhrif edilərək "İran" və ya "Fars" məscidi kimi qələmə verilməyə çalışılır. Amasiya, Basarkeçər, Zəngibasar, Qaraqoyunlu, Dərələyəz və digər bölgələrdəki onlarla kənd məscidi də yerlə-yeksan edilmiş və ya təsərrüfat anbarı kimi istifadə olunaraq sıradan çıxarılmışdır.
Qərbi Azərbaycan ərazisində azərbaycanlılara aid Urud qəbiristanlığı, Əmir Sədd Cəfər oğlu türbəsi kimi yüzlərlə tarixi qəbiristanlıq, sərdabə və pir mövcud olmuşdur. Bu qəbiristanlıqlardakı qəbir daşları, qoç və qoyun heykəlləri ya sındırılmış, ya da üzərindəki Azərbaycan-türk dilindəki yazılar silinərək yox edilmişdir. Mülki memarlıq nümunələrindən XVIII əsr Şərq memarlığının möhtəşəm abidəsi olan Sərdar Sarayı və onun Şüşəli zalı 1914–1918-ci illərdə tədricən dağıdılmış, 1920-ci illərdə isə tamamilə sökülmüşdür.
Mədəni irsin silinməsi prosesi təkcə fiziki abidələrlə məhdudlaşmamış, eyni zamanda tarixi toponimlərin dəyişdirilməsi ilə müşayiət olunmuşdur. Ermənistan SSR və müstəqil Ermənistan dövləti tərəfindən Azərbaycan mənşəli 2000-dən çox yaşayış məntəqəsinin, çayın, dağın və gölün adı dəyişdirilərək erməniləşdirilmişdir. Məsələn, İrəvan Yerevan, Göyçə gölü Sevan, Basarkeçər Vardenis, Kərkibaş isə Areguni adı ilə əvəzlənmişdir.Arxeoloji və memarlıq qatlarının silinməsi məqsədilə 1504-cü ildə Rəvanqulu xan tərəfindən salınmış İrəvan qalası və onun tərkibindəki 800-dən çox ev, 2 məscid və Sərdar sarayı Sovet dövründə planlı şəkildə sökülərək yerində modern parklar və binalar tikilmişdir. Əsas məqsəd şəhərin tarixi Müsəlman-Şərq simasını tamamilə dəyişmək olmuşdur. Eyni zamanda, regiondakı Qafqaz Albaniyasına aid qədim xristian məbədləri üzərindəki yazılar və elementlər dəyişdirilərək erməniləşdirilmiş, türk-oğuz mənşəli Alban irsi saxtalaşdırılmışdır. Söhbət təkcə daş abidələrdən getmir; azərbaycanlıların minillik aşıq sənəti, o cümlədən Göyçə aşıq məktəbi, Aşıq Ələsgər və Miskin Abdal irsi, folkloru və elmi-ədəbi mühiti də həmin torpaqlardan silinməyə məruz qalmışdır.
Azərbaycan mədəni irsinin bu şəkildə dağıdılması 1954-cü il Haaqa Konvensiyasının və 1972-ci il UNESCO Konvensiyasının tələblərinə zidd olmaqla yanaşı, irqi dözümsüzlük və ksenofobiya tezisləri ilə üst-üstə düşür. 1954-cü il Haaqa Konvensiyasının 4-cü maddəsinə əsasən, işğal olunmuş və ya ərazisindəki etnik azlıqların mədəni mülkiyyətinə vandalizm tətbiq edən dövlətlər beynəlxalq hüquqi məsuliyyət daşıyırlar.
Günümüzdə Qərbi Azərbaycan İcması və aidiyyəti dövlət qurumları bu tarixi faktların beynəlxalq müstəvidə tanınması və məhv edilmiş irsin bərpası üçün aktiv fəaliyyət göstərir.
Bakıxanov qəsəbəsi , 96 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Əzizzadə Nəzakət
Bölməyə aid digər xəbərlər









Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.