Tarixin elə məqamları var ki, həmin anlarda baş verən hadisənin əhəmiyyəti yalnız bu günlə ölçülmür. Belə hadisələr gələcəyə hesablanır, zaman keçdikcə öz siyasi və tarixi mahiyyətini daha aydın göstərir. Sentyabrın 17-də Bakıda cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Baş katibini, eləcə də təşkilata üzv və müşahidəçi ölkələrin təhlükəsizlik strukturlarının yüksək səviyyəli nümayəndələrini qəbul etməsi də belə hadisələrdəndir. Bu görüşün mahiyyəti yalnız yüksək vəzifəli şəxslərin Bakıda bir araya gəlməsi ilə məhdudlaşmır. Burada Türk dünyasının bu gününə və sabahına dair daha geniş bir siyasi mənzərə görünür. Çünki müasir dünyanın mürəkkəb reallıqları qarşısında dövlətlərin təhlükəsizliyi, sabitliyi, enerji və nəqliyyat bağlantıları, informasiya məkanı, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin gələcəyə hazırlanması artıq bir-birindən ayrı məsələlər deyil.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz onu da deyib ki, cənab Prezident İlham Əliyevin çıxışında da məhz bu bütöv yanaşma özünü göstərir. Dövlət başçısı TDT çərçivəsində fəal qarşılıqlı əlaqənin təşkilatın beynəlxalq nüfuzunun göstəricisi olduğunu vurğulayır. 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən keçən yol artıq Türk dövlətlərinin siyasi, iqtisadi, humanitar, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində daha sıx əməkdaşlıq etdiyi geniş bir platformaya çevrilib. Bu gün Türk dünyası yalnız keçmişinin böyüklüyü ilə tanınan tarixi-mədəni məkan deyil. Türk dünyası öz gələcəyini siyasi iradə, iqtisadi potensial və qarşılıqlı əməkdaşlıq üzərində quran böyük bir geosiyasi reallıqdır. Azərbaycanın mövqeyini yalnız xəritəyə baxmaqla anlamaq mümkün deyil. Ölkəmizin əhəmiyyəti onun coğrafi yerləşməsinin yaratdığı imkanlarla yanaşı, həyata keçirdiyi ardıcıl siyasətlə də bağlıdır. Azərbaycan Avropa ilə Asiyanın qovşağında yerləşir, Mərkəzi Asiyanın türk dövlətləri ilə Xəzər vasitəsilə əlaqələnir, Türkiyə ilə sıx müttəfiqlik münasibətlərinə malikdir. Enerji və nəqliyyat dəhlizlərinin mühüm istiqamətlərinin Azərbaycandan keçməsi ölkəmizin regional proseslərdəki rolunu daha da artırır. Cənab Prezidentin ifadə etdiyi kimi, bu gün enerji təhlükəsizliyindən və nəqliyyat bağlantılarından kənarda ümumi təhlükəsizlikdən danışmaq mümkün deyil. Bu fikir müasir dünyanın siyasi xəritəsini anlamaq baxımından olduqca əhəmiyyətlidir. Çünki enerji mənbələrinin və nəqliyyat yollarının təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ deyil. Enerji axınlarının davamlılığı, ticarət yollarının etibarlılığı, nəqliyyat dəhlizlərinin qorunması dövlətlərin strateji dayanıqlığının mühüm elementləridir. Azərbaycan isə bu böyük sistemdə yalnız öz ehtiyaclarını təmin edən ölkə deyil. Ölkəmiz Mərkəzi Asiya dövlətlərindən Xəzər vasitəsilə enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında da mühüm rol oynayır. Beləliklə, Azərbaycan Türk dünyasının şərqi ilə qərbi arasında yalnız coğrafi deyil, iqtisadi və strateji bağ yaradır.
Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilə və bəyannamələr imzalaması münasibətlərin siyasi baxımdan yüksək səviyyəsini göstərir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması isə qardaşlıq münasibətlərinin konkret iqtisadi layihələrlə möhkəmləndiyini nümayiş etdirir. Bütün bunların fonunda cənab Prezident İlham Əliyevin bir fikri xüsusi siyasi çəki qazanır: “Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur.” Bu, Azərbaycanın Türk dünyasına münasibətinin ən yığcam və ən aydın ifadəsidir. Məhz buna görə Türk dünyasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi zamanın tələbidir. Dünyanın müxtəlif bölgələrində müharibələrin davam etdiyi, qarşıdurmaların genişləndiyi, yeni təhlükələrin meydana çıxdığı bir vaxtda sabitliyin qorunması hər bir dövlət üçün həyati əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyev Azərbaycanın regional mövqeyindən çıxış edərək həm şimalda, həm də cənubda müharibə aparan ölkələrin yerləşdiyini və bu reallığın regional təhlükəsizlik məsələlərinə xüsusi həssaslıq tələb etdiyini vurğulayır. Ona görə də təhlükəsizlik şuraları arasında əlaqələrin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Məlumat mübadiləsi, operativ əlaqə, təcrübə paylaşımı, birgə fəaliyyət, mümkün təhdidlərin əvvəlcədən müəyyənləşdirilməsi və onların qarşısının alınması — bütün bunlar müasir təhlükəsizlik siyasətinin mühüm istiqamətləridir. Cənab Prezidentin çıxışında bu məsələlərin koordinasiyasının gücləndirilməsi bütün dövlətlər üçün həyati əhəmiyyətli vəzifə kimi təqdim olunur. Amma zaman dəyişdikcə təhlükənin formaları da dəyişir. Bu gün dövlətlərə qarşı təhdid yalnız sərhəddən keçən silahlı qüvvə formasında meydana çıxmır. İnformasiya məkanı, sosial platformalar, ideoloji təsirlər və yad narrativlər də dövlətlərin sabitliyinə təsir göstərə bilən amillərə çevrilib. Cənab Prezident İlham Əliyevin çıxışında ideoloji təhlükələrə xüsusi yer verilməsi təsadüfi deyil. Dövlət quruluşunun sarsıdılması, ictimai həmrəyliyin pozulması, milli-mənəvi dəyərlərə yad yanaşmaların yayılması və gənc nəslə təsir göstərmək cəhdləri müasir dövrdə təhlükəsizlik anlayışının yeni ölçülərini meydana çıxarır. Bu baxımdan gənclər məsələsi sadəcə sosial siyasət məsələsi deyil. Bu, dövlətçilik məsələsidir. Bu, gələcəyin təhlükəsizliyi məsələsidir. Çünki bu gün yetişən gənc nəsil sabah dövlət idarəçiliyində, elmdə, təhsildə, iqtisadiyyatda, diplomatiyada, təhlükəsizlik sistemində və cəmiyyətin bütün sahələrində söz sahibi olacaq. Cənab Prezident məhz buna görə TDT çərçivəsində gənclər təşkilatları arasında əlaqələrin daha da gücləndirilməsini, forum və konfransların keçirilməsini, gənclərin bir-biri ilə daha sıx ünsiyyət qurmasını vacib hesab edir. Azərbaycanlı gənc qazax, qırğız, özbək və türk gəncini nə qədər yaxşı tanıyarsa, ortaq tarixini nə qədər dərindən öyrənərsə, ümumi mədəniyyətin və mənəvi dəyərlərin mahiyyətini nə qədər yaxşı anlayarsa, Türk dünyasının gələcək əməkdaşlığı da bir o qədər möhkəm olar. Cənab Prezidentin çıxışında TDT məkanında sabitlik və iqtisadi artımın da mühüm üstünlük olduğu qeyd edilir. Sabitlik olmadan investisiyanın, texnologiyanın və innovasiyanın davamlı şəkildə cəlb olunması mümkün deyil. Deməli, Türk dünyasının inkişafı ilə təhlükəsizliyi arasında möhkəm bir bağ mövcuddur. Azərbaycanın təşəbbüsü ilə TDT çərçivəsində qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinə başlanması da dövlət başçılarının daha sıx təmaslarının zəruriliyindən doğur. İlk qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi Azərbaycanın bu prosesdəki təşəbbüskar rolunun mühüm göstəricilərindən biridir.
Bu gün Türk dünyası qarşısında daha böyük vəzifələr dayanır. Cənab Prezident İlham Əliyevin çıxışında bu hədəf çox aydın ifadə olunur: TDT birgə səylərlə aparıcı beynəlxalq institutlardan birinə çevrilməlidir. Türk dünyası öz tarixini yalnız qürurla xatırlayan bir birlik olaraq qalmamalıdır. Türk dünyası öz gələcəyini birlikdə quran, təhlükəsizliyini möhkəmləndirən, iqtisadi imkanlarını birləşdirən, gənc nəslini ortaq dəyərlər əsasında yetişdirən və beynəlxalq münasibətlər sistemində öz sözünü daha aydın deyən böyük bir əməkdaşlıq məkanına çevrilməlidir-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.
Bölməyə aid digər xəbərlər









Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.