Azərbaycanın iqtisadi gücü beynəlxalq investorların diqqət mərkəzində

Azərbaycanın iqtisadi gücü beynəlxalq investorların diqqət mərkəzində

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın beynəlxalq iqtisadi münasibətlər sistemində mövqeyinin, investisiya imkanlarının və regional bağlantı potensialının müzakirəsi baxımından mühüm platformaya çevrilib. Sentyabrın 26-da Prezident İlham Əliyevin Forum çərçivəsində keçirilən tədbirdə iştirakı və investorların suallarını cavablandırması Azərbaycanın gələcək iqtisadi inkişaf prioritetlərinin bir daha diqqətə çatdırılması ilə əlamətdar olub. Forumun builki mövzusu – “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” – müasir dövrdə Azərbaycanın qarşısında dayanan iqtisadi və regional imkanları əks etdirir. Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətində də qeyd olunduğu kimi, qlobal iqtisadi münasibətlərin sürətlə dəyişdiyi, təchizat zəncirlərinin yenidən formalaşdığı bir şəraitdə sabitlik, əlaqəlilik və etibarlı tərəfdaşlıqlar investisiyalar üçün xüsusi əhəmiyyət daşıyır.
Prezident cənab İlham Əliyevin çıxışında mədənçilik Azərbaycanın böyük potensiala malik sahələrindən biri kimi təqdim edilib. Mədənçilik üzrə qəbul edilən dövlət proqramının bu istiqamətdə fəaliyyətə əlavə impuls verməsi gözlənilir. Azərbaycanın təbii ehtiyatları, geoloji potensialı və mövcud sənaye bazası mədən sektorunun yeni texnologiyalar əsasında inkişaf etdirilməsi üçün imkanlar yaradır. Lakin müasir dövrdə mədənçilik yalnız hasilat məsələsi deyil. Burada əsas məqsədlərdən biri xammalın daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi, emal sənayesinin inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması və texnoloji kompetensiyaların formalaşdırılmasıdır. Bu baxımdan mədənçilik sənayesinin inkişafı qeyri-neft sektorunun şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən birinə çevrilə bilər. Prezident cənab İlham Əliyevin çıxışında diqqətçəkən digər məqam enerji və rəqəmsal iqtisadiyyat arasında yeni əlaqənin qurulmasıdır. Süni intellekt texnologiyalarının sürətli inkişafı data mərkəzlərinə və böyük həcmdə elektrik enerjisinə olan tələbatı artırır. Bu şəraitdə enerji resurslarına, genişmiqyaslı infrastruktur imkanlarına və əlverişli coğrafi mövqeyə malik ölkələr üçün yeni iqtisadi imkanlar yaranır. Azərbaycanın əlavə elektrik enerjisi potensialı, enerji infrastrukturu, Avropa ilə Asiya arasında yerləşməsi və inkişaf edən rəqəmsal bağlantıları ölkənin data mərkəzləri, süni intellekt və rəqəmsal xidmətlər sahəsində yeni investisiyalar cəlb etməsi üçün əsas yarada bilər. Bu istiqamətdə isə əsas məsələ yalnız texnologiyanın alınması deyil, həmin texnologiyaları idarə edə biləcək insan kapitalının formalaşdırılmasıdır.
Cənab Prezidentin çıxışında təhsil və peşəkar kadr hazırlığı məsələsinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Çünki XXI əsrin iqtisadiyyatında kapital yalnız maliyyə və təbii resurslardan ibarət deyil. İnsan kapitalı iqtisadi rəqabət qabiliyyətinin əsas müəyyənedicilərindən birinə çevrilib. Azərbaycanın neft-qaz sektorunda qazandığı təcrübə bu baxımdan mühüm nümunə kimi təqdim olunur. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanarkən sektorda çalışan xarici mütəxəssislərin sayı çox yüksək idisə, sonrakı illərdə yerli mütəxəssislərin hazırlanması nəticəsində bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Bu təcrübənin digər sahələrə tətbiqi Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biridir.
Rəqəmsal texnologiyalar, kibertəhlükəsizlik, süni intellekt, mühəndislik, logistika, enerji və mədənçilik kimi sahələrdə ixtisaslı kadrların hazırlanması investisiya siyasətinin ayrılmaz hissəsinə çevrilməlidir. Cənab Prezidentin qeyd etdiyi xaricdə təhsil proqramları da məhz bu yanaşmanın tərkib hissəsidir. Xarici təhsil və beynəlxalq təcrübə ilə yanaşı, əsas hədəf həmin bilik və bacarıqların Azərbaycanın iqtisadi inkişafına transfer edilməsidir.
Gülşən Cabbarova-1 saylı Uşaq Somatik sanatoriyasının baş həkimi

Tarix: Bu gün, 10:07


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930