Zəfərdən yeni reallıqlara: Azərbaycanın güclənən mövqeyi

Zəfərdən yeni reallıqlara: Azərbaycanın güclənən mövqeyi

Azərbaycanın müasir siyasi tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız bir dövrü deyil, gələcək onillikləri də müəyyənləşdirir. 2020-ci ildə qazanılan şanlı Zəfər və ardınca ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması məhz belə tarixi dönüş nöqtələrindəndir. Bu gün Azərbaycan artıq yeni ictimai-siyasi və geosiyasi reallıqların formalaşdığı bir mərhələdə öz inkişaf yolunu davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər də məhz bu tarixi mərhələnin mahiyyətini ifadə edir. Dövlət başçısının vurğuladığı kimi, qurultayın ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilməsi onun siyasi əhəmiyyətini daha da artırır. Çünki artıq Azərbaycan öz tarixinin yeni mərhələsinə — qalib, suveren və regional reallıqları formalaşdıran dövlət kimi daxil olub.
2020-ci ilin Vətən müharibəsi Azərbaycanın yalnız hərbi gücünü deyil, siyasi iradəsini, milli birliyini və dövlətçilik əzmini də nümayiş etdirdi. 44 günlük müharibə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi Cənubi Qafqazın geosiyasi mənzərəsini köklü şəkildə dəyişdi. Azərbaycan öz gücünə və imkanlarına arxalanaraq işğala son qoydu və bölgədə yeni reallıqlar yaratdı. Bu reallıqlar zaman keçdikcə beynəlxalq müstəvidə də daha aydın şəkildə qəbul edilməyə başladı.
Lakin Zəfərin əldə olunması prosesin sonu deyil, yeni mərhələnin başlanğıcı idi. Qarşıda azad edilmiş ərazilərin bərpası, insanların öz doğma yurdlarına qayıdışının təmin edilməsi, təhlükəsizliyin möhkəmləndirilməsi və Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq müstəvidə qəbul etdirilməsi kimi mühüm vəzifələr dayanırdı. Azərbaycan bu mərhələdə də ardıcıl siyasət yürüdərək qarşıya qoyduğu məqsədlərə doğru inamla irəlilədi.
Zəfərdən sonrakı dövr eyni zamanda ciddi siyasi təzyiqlər və informasiya mübarizəsi ilə müşayiət olundu. Azərbaycana qarşı müxtəlif platformalarda həqiqətə uyğun olmayan iddiaların səsləndirilməsi, ölkəmizin beynəlxalq ictimai rəydə nüfuzuna xələl gətirməyə yönəlmiş kampaniyaların aparılması və hətta sanksiya məsələsinin gündəmə gətirilməsi bu mübarizənin miqyasını göstərirdi. Lakin bütün bunlar Azərbaycanın müstəqil siyasət kursuna təsir edə bilmədi.
Bu gün Azərbaycanın əsas üstünlüklərindən biri də məhz öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürütmək imkanına malik olmasıdır. Ölkəmiz regionda təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında fəal rol oynayır, nəqliyyat və enerji layihələri vasitəsilə beynəlxalq əlaqələrini genişləndirir, müxtəlif dövlətlərlə qarşılıqlı faydalı münasibətlər qurur. Azərbaycanın artan regional və beynəlxalq nüfuzu həm iqtisadi imkanları, həm diplomatik fəallığı, həm də Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin nəticələri ilə bağlıdır.
Ərazi bütövlüyünün və suverenliyin tam bərpası isə bu prosesin ən mühüm nəticəsidir. Bu, təkcə xəritədə sərhədlərin dəyişməsi deyil, milli dövlətçilik baxımından tarixi ədalətin bərpasıdır. Uzun illər ərzində qarşıya qoyulan ən mühüm milli məqsədlərdən biri reallaşıb və Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edən dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyub.
Bu baxımdan, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı da yalnız siyasi təşkilatın növbəti qurultayı kimi deyil, Azərbaycanın keçdiyi böyük tarixi yolun nəticələrinin qiymətləndirildiyi və qarşıdakı mərhələnin prioritetlərinin müəyyənləşdirildiyi mühüm siyasi hadisə kimi dəyərləndirilə bilər. Çünki bugünkü Azərbaycan 2020-ci ildən əvvəlki Azərbaycan deyil. Zəfər ölkənin siyasi, ictimai və geosiyasi mövqeyini dəyişib.
Ən böyük nəticə isə ondan ibarətdir ki, Azərbaycan artıq yalnız yeni reallıqlara uyğunlaşan deyil, onları formalaşdıran dövlət kimi çıxış edir. Qarşıdakı dövrdə əsas vəzifə əldə edilmiş Zəfərin nəticələrini möhkəmləndirmək, azad edilmiş ərazilərin davamlı inkişafını təmin etmək, ölkənin beynəlxalq mövqelərini daha da gücləndirmək və milli maraqlara əsaslanan müstəqil siyasəti davam etdirməkdir.
Zəfər Azərbaycanın tarixində bir səhifəni bağladı, lakin eyni zamanda yeni bir səhifə açdı. Bu səhifənin əsas sözləri isə artıq yalnız mübarizə və qələbə deyil, inkişaf, quruculuq, güclənmə və yeni reallıqların formalaşdırılmasıdır.
Bakı şəhəri, Nazim İsmayılov adına
80 №-li tam orta məktəbin direktoru
Təranə Müzəffərova

Tarix: Bu gün, 15:53


Bölməyə aid digər xəbərlər


«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031