
Qazaxıstanın paytaxtı Astana şəhərində “Süni intellekt dövründə rəqəmsal transformasiya, həmkarlar ittifaqlarının rolu və əmək hüquqlarının müdafiəsi” mövzusunda beynəlxalq forum təşkil olunub.
Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Beynəlxalq Əmək Təşkilatının və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri, bir sıra ölkələrin həmkarlar ittifaqlarının rəhbərləri iştirak ediblər.
Tədbirdə qlobal əmək bazarında mövcud vəziyyət, məşğulluğun yeni formaları, peşə hazırlığı, süni intellekt dövründə işçilərin əmək hüquqları və sosial müdafiəsi, dəyişən əmək şəraitində həmkarlar ittifaqlarının rolu müzakirə olunub.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov forum çərçivəsində təşkil olunan “Avtomatlaşdırma və məşğulluq. Ədalətli keçid” panel sessiyasında çıxış edərək rəqəmsal transformasiya prosesində insan amilinin önəmini, işçilərin əmək hüquqlarının və sosial müdafiəsinin vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar insanların daha səmərəli, təhlükəsiz və layiqli şəraitdə işləməsinə xidmət etməlidir.
Konfederasiya sədri bildirib ki, Azərbaycanda rəqəmsal və yaşıl transformasiyanın yaratdığı çağırışlara uyğun olaraq, işçilərin peşəkar inkişafı, yeni bacarıqların formalaşdırılması istiqamətində sistemli tədbirlər görülür və bu mühüm məsələ daim dövlətimizin başçısının diqqət mərkəzindədir. Vurğulanıb ki, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” qəbul edilib. Strategiyanın həyata keçirilməsi, ölkədə rəqəmsallaşma, innovasiya və süni intellekt sahələrinə idarəetmə və nəzarəti təşkil etmək məqsədilə Birinci vitse-prezidentin rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurası yaradılıb.
Tədbirdə süni intellekt dövründə həmkarlar ittifaqlarının qarşısında duran yeni vəzifələr, əmək münasibətlərində rəqəmsal transformasiyanın yaratdığı dəyişikliklər, həmkarlar ittifaqlarının bu prosesdə iştirakı və bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.




Bölməyə aid digər xəbərlər










Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.