
Müasir beynəlxalq münasibətlər sistemində ölkələr arasında etibarlı siyasi əlaqələrin qurulması və bu əlaqələrin konkret əməkdaşlıq istiqamətləri ilə zənginləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın xarici siyasəti də qarşılıqlı hörmətə, suverenliyə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanaraq müxtəlif regionlarla əlaqələrin genişləndirilməsini nəzərdə tutur. Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin oktyabrın 13-də Azərbaycana rəsmi səfəri bu siyasətin Asiya istiqamətində davam etdirilməsi və ikitərəfli münasibətlərin yeni imkanlarla zənginləşdirilməsi baxımından mühüm önəm kəsb edir.
Azərbaycanın beynəlxalq investisiya fəaliyyətində qazandığı təcrübə də ikitərəfli əlaqələrin genişləndirilməsi üçün imkanlar yaradır. Müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran layihələrin müəyyənləşdirilməsi iqtisadi münasibətlərin daha dinamik inkişafına şərait yaradacaq. Burada əsas məsələ mövcud imkanların real iqtisadi təşəbbüslərə çevrilməsi, investorlara konkret layihələrin təqdim olunması və uzunmüddətli tərəfdaşlıq mexanizmlərinin formalaşdırılmasıdır. Dövlət başçısının qeyd etdiyi kimi, energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq imkanları müzakirə edildi: “Vahid mövqe ondan ibarətdir ki, konkret addımlar atıldıqda bu məsələlərin hər biri nəticə verə bilər. Hər halda bizdə belə imkanlar var və ən önəmlisi qarşılıqlı iradə var”.
Nəqliyyat və logistika sahəsi də əməkdaşlığın perspektivli istiqamətlərindəndir. Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən nəqliyyat əlaqələrində oynadığı rol, müasir infrastruktur imkanları və tranzit potensialı Laosla iqtisadi münasibətlərin genişləndirilməsi üçün əlavə zəmin yaradır. Laosda dəmir yolu bağlantılarının inkişafı və gələcəkdə Trans-Xəzər nəqliyyat marşrutuna çıxış imkanlarının nəzərdən keçirilməsi yükdaşımalar sahəsində yeni perspektivlər vəd edir. Bu imkanların reallaşması tərəflər arasında ticarət əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərəcəkdir.
Azərbaycan-Laos münasibətlərinin mühüm istiqamətlərindən biri də humanitar əməkdaşlıqdır. Vaxtilə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil alması ölkələr arasında formalaşmış tarixi əlaqələrin göstəricisidir. Təqaüd proqramlarının tətbiqi ilə bu ənənənin yenidən canlandırılması gənclər arasında əlaqələrin güclənməsinə, bilik və təcrübə mübadiləsinin genişlənməsinə imkan verəcəkdir. Bununla yanaşı, mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq da xüsusi diqqət mərkəzindədir. Hər iki ölkənin bu problemlə bağlı təcrübəsinin bölüşülməsi, müasir texnologiyaların tətbiqi və mütəxəssislərin hazırlanması insanların təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəkdir.
Alidə Aslanova-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Bölməyə aid digər xəbərlər










Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.