
Zəngilan Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi və füsunkar təbiəti ilə seçilən rayonlarımızdandır. XIX əsrdə Qafqazın Rusiya imperiyası tərəfindən işğalından sonra Zəngilan Zəngəzur qəzasının tərkibində olmuş, 1930-cu ildə müstəqil rayon kimi yaradılmışdır.
Zəngilan qədim tarixi abidələri ilə zəngindir. Şərifan abidələri, Qız qalası, Hacallı dairəvi bürcü, Tağlı körpü və Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi rayonun tarixi-memarlıq irsinin qiymətli nümunələridir. Ermənistanın işğalı dövründə rayonun infrastrukturu dağıdılmış, tarixi və dini abidələrinə ciddi ziyan dəymişdir.
1993-cü il oktyabrın 29-da işğal olunan Zəngilan 20 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Bu tarixi qələbə xalqımızın birliyinin, əsgər və zabitlərimizin qəhrəmanlığının, dövlətimizin qətiyyətinin təcəssümüdür.
Cənab Prezident İlham Əliyevin Zəngilana səfərləri rayonun bərpası və inkişafında mühüm rol oynadı.
2021-ci ildə Ağalı kəndində ilk “Ağıllı kənd” layihəsinin, Zəngilan Beynəlxalq Hava Limanının və Zəngilan–Horadiz avtomobil yolunun təməli qoyuldu. Rayonun əlverişli coğrafi mövqeyi onun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsinə imkan yaradır.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələri müasir Azərbaycanın inkişafında yaşayır. Heydər Əliyev Fondu tərəfindən Zəngilan şəhər məscidinin bərpası milli-mənəvi irsimizin qorunmasına xidmət edir. Ağalı kəndində “Ağıllı kənd” layihəsinin həyata keçirilməsi, müasir infrastrukturun yaradılması və məskunlaşma işləri doğma yurdda həyatın yenidən canlandığını göstərir.
Bu gün Zəngilan yenidən qurulur, ailələr doğma torpaqlarına qayıdır, yeni həyat başlayır.
20 Oktyabr – Zəngilan Şəhəri Günü xalqımızın qələbəsinin, birliyinin və gələcəyə inamının rəmzidir. Zəngilanın dirçəlişi Azərbaycanın gücünü və doğma torpaqlara bağlılığını nümayiş etdirir!
Maştağa qəsəbəsi, N.Nərimanov adına 128 nömrəli tam orta ümumtəhsil məktəbinin
ibtidai sinif müəllimi Səbunə Babayeva
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.