
Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və füsunkar təbiətə malik bölgələrindən biri olan Zəngilan ölkəmizin tarixində mühüm yer tutur. Rayon əlverişli coğrafi mövqeyi, təbii sərvətləri və tarixi-memarlıq abidələri ilə seçilir. XIX əsrdə Qafqazın Rusiya imperiyası tərəfindən işğalından sonra Zəngilan ərazisi Zəngəzur qəzasının tərkibinə daxil edilmiş, 1930-cu il avqustun 8-də müstəqil rayon kimi təşkil olunmuşdur.
Zəngilan qədim yaşayış məskənləri, qalaları, türbələri və körpüləri ilə zəngindir. Şərifan abidələri, Qız qalası, Hacallı dairəvi bürcü, Tağlı körpüsü, Məmmədbəyli türbəsi və digər tarixi abidələr bölgənin zəngin keçmişini əks etdirir. Ermənistanın işğalı dövründə rayonun yaşayış məntəqələri, infrastrukturu və mədəni irsi ciddi dağıntılara məruz qalmışdır. Tarixi abidələrin zədələnməsi və dini məkanlara qarşı hörmətsiz münasibət xalqımızın milli-mənəvi irsinə vurulan ağır zərbə olmuşdur.
1993-cü il oktyabrın 29-da Zəngilan rayonu işğal edilmiş, sakinləri doğma yurdlarından didərgin düşmüşlər. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixi taleyində dönüş nöqtəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin azad edilməsi xalqımızın böyük sevincinə səbəb oldu və tarixi ədalətin bərpasının rəmzinə çevrildi.
Cənab Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 20-si Zəngilan şəhəri günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın birliyini, ordumuzun qəhrəmanlığını və dövlətimizin qətiyyətini təcəssüm etdirir.
İşğaldan sonra Zəngilanın bərpası dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Cənab Prezident İlham Əliyev 2020-ci il dekabrın 23-də Zəngilana səfəri zamanı şəhərdə Azərbaycan bayrağını ucaltdı. 2021-ci il aprelin 26-da Ağalı kəndində “Ağıllı kənd” layihəsinin, Zəngilan Beynəlxalq Hava Limanının və Zəngilan–Horadiz avtomobil yolunun təməli qoyuldu. Həmin il oktyabrın 20-də dövlət başçısı Ağalı kəndində görülən işlərlə tanış oldu, enerji infrastrukturunun inkişafı ilə bağlı tədbirlərdə iştirak etdi.
Zəngilanın strateji mövqeyi onun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün geniş imkanlar yaradır. Zəngilan Beynəlxalq Hava Limanı, yeni avtomobil yolları və digər infrastruktur layihələri bölgənin iqtisadi inkişafına, beynəlxalq əlaqələrin genişlənməsinə və əhalinin məşğulluğunun artmasına xidmət edir.
Böyük Qayıdış proqramı çərçivəsində Ağalı kəndində müasir yaşayış şəraiti yaradılmış və 2022-ci ilin iyul ayında keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına başlanmışdır. Yeni yaşayış evlərinin, sosial obyektlərin tikilməsi, təhsil və səhiyyə xidmətlərinin təşkili insanların doğma torpaqlarında təhlükəsiz və rahat həyat qurmasına imkan yaradır.
Zəngilanın tarixi-mədəni irsinin qorunması da xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyev Fondunun iştirakı ilə Zəngilan şəhər məscidinin qorunması və ərazidə yeni məscidin inşası istiqamətində işlər görülür. Bu, xalqımızın milli-mənəvi dəyərlərinə və tarixi irsinə göstərilən diqqətin nümunəsidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənələri və milli dəyərlərə bağlılıq bu gün də ölkəmizin inkişafında mühüm rol oynayır.
Bu gün Zəngilan yenidən qurulur, yollar salınır, yaşayış məntəqələri bərpa olunur, insanlar doğma yurdlarına qayıdırlar. 20 oktyabr – Zəngilan şəhəri günü azadlığın, qələbənin, milli birliyin və Böyük Qayıdışın rəmzidir. Zəngilanın dirçəlişi Azərbaycan dövlətinin gücünü və xalqımızın gələcəyə inamını nümayiş etdirir. Doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Ağayeva Xəyalə
Bakı şəhəri, 74 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.