Metallurgiya sənayesinin inkişafı ilə ölkəmizdə yeni sənaye istiqaməti yaradılacaqdır

Metallurgiya sənayesinin inkişafı ilə ölkəmizdə yeni sənaye istiqaməti yaradılacaqdır


Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirə keçirilib.
Prezident İlham Əliyevin Dövlət Proqramına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər göstərir ki, qarşıdakı dövrdə məqsəd yalnız mövcud yataqların istismarını genişləndirmək deyil. Əsas hədəf təbii sərvətlərin hasilatından başlayaraq onların zənginləşdirilməsi, emalı və hazır məhsula çevrilməsinə qədər uzanan tam istehsal zəncirinin formalaşdırılmasıdır. Bu isə Azərbaycanın sənaye strukturunda yeni mərhələnin başlanması deməkdir.
Müşavirədə diqqətə çatdırılan digər mühüm məsələ Ermənistanın işğal illərində Azərbaycan torpaqlarına vurduğu ekoloji ziyanla bağlı olub. Kəlbəcər, Laçın və Zəngilan rayonlarında işğal dövründə təxminən 60 min hektar meşə fondunun Ermənistan dövləti tərəfindən məhv edildiyi bir daha xatırladılıb. Bu faktlar təkcə tarixi ədalətsizliyin sübutu deyil, həm də bərpa və yaşıllaşdırma işlərinin bugünkü zəruriliyini əsaslandıran arqumentlərdir. Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində təbii ehtiyatlardan səmərəli və məsuliyyətli istifadə, dağıdılmış ekosistemlərin bərpası dövlətin diqqət mərkəzində saxladığı istiqamətlərdən biri kimi çıxış edir. Eyni zamanda, bu bölgələrin təkcə aqrar deyil, həm də sənaye potensialının reallaşdırılması yeni Dövlət Proqramının prioritet hədəflərindən birini təşkil edir, belə ki, sənədin icrası nəticəsində yaradılacaq minlərlə yeni iş yerinin əhəmiyyətli hissəsi məhz Qarabağ və Şərqi Zəngəzur ərazilərində formalaşacaq.
Dağ-mədən sənayesinin konkret perspektivlərindən danışarkən Prezident Avropa qitəsinin ən böyük yataqlarından sayılan "Filizçay" polimetal yatağını xüsusi qeyd edib. Balakən rayonunda yerləşən bu yataq təkcə region üçün deyil, bütün qitə miqyasında ən perspektivli kolçedan-polimetal filiz obyektlərindən biri hesab olunur və qızıl, gümüş, mis, sink və qurğuşun kimi qiymətli metalların böyük ehtiyatlarını özündə cəmləşdirir. Yatağın istismara hazırlanması istiqamətində davam edən işlər ölkənin xammal bazasının genişləndirilməsi və emal zəncirinin tam qurulması baxımından mühüm addım kimi dəyərləndirilir. Bu, təkcə çıxarılan xammalın ixracı ilə kifayətlənməyib, son məhsula qədər tam istehsal zəncirinin ölkə daxilində formalaşdırılması hədəfinə xidmət edir ki, bu da əlavə dəyərin, məşğulluğun və büdcə gəlirlərinin artırılması deməkdir.
Samiyə Abdulkərimova - 12 saylı şəhər poliklinikasının baş həkimi


Tarix: Bu gün, 11:24


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930