Azərbaycan–Kamboca Münasibətlərində Yeni Mərhələ: Qlobal Əməkdaşlıq və Milli İnkişaf

Azərbaycan–Kamboca Münasibətlərində Yeni Mərhələ: Qlobal Əməkdaşlıq və Milli İnkişaf


Müasir dövrdə Azərbaycan Respublikasının həyata keçirdiyi çevik və çoxşaxəli xarici siyasət ölkəmizin beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri və Cənab Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat ikitərəfli əlaqələrimizin gələcək inkişaf istiqamətlərini aydın şəkildə nümayiş etdirir.
BMT, Qoşulmama Hərəkatı və AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) kimi beynəlxalq platformalarda Azərbaycan və Kamboca hər zaman fəal əməkdaşlıq edərək bir-birini dəstəkləmişdir. Bu tarixi səfər çərçivəsində isə tərəflər ikitərəfli təmasları daha da intensivləşdirmək, ticarət və investisiya sahələrində praktiki addımlar atmaq üçün birgə işçi qrupunun yaradılması barədə razılığa gəliblər. Keçirilən biznes forumu da iqtisadi prioritetlərin müəyyənləşdirilməsi və sıx əməkdaşlığın qurulması üçün mühüm platformaya çevrilib.
İkitərəfli münasibətlərdə yalnız ticarət və sənaye deyil, təhsil, turizm, nəqliyyat və rəqəmsal transformasiya sahələri də ön plana çəkilir. Xüsusilə, Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması ənənəsinin bərpası xalqlarımız arasındakı dostluq körpülərini daha da möhkəmləndirəcəkdir. Bununla yanaşı, Azərbaycanın brendinə çevrilmiş, cəmiyyətdə yüksək məmnunluq qazanmış “ASAN” dövlət xidmətləri sisteminin Kambocada maraq doğurması və tətbiqi imkanları dövlət idarəçiliyi sahəsindəki uğurlarımızın növbəti təzahürüdür. Parlamentlərarası səviyyədə də həmrəylik yüksəkdir; Kambocanın dəstəyi ilə Azərbaycan parlamenti ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etmişdir.
Hər iki ölkəni birləşdirən digər vacib məqam mina problemidir. İşğal dövründən miras qalmış minalar nəticəsində 400-dən çox vətəndaşımızın həlak olması və ya yaralanması bu sahədə təcrübə və bilik mübadiləsinin nə qədər zəruri olduğunu göstərir.
Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa edərək beynəlxalq hüququn ədalətli prinsiplərini təmin etmişdir. Bu gün azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa işləri və “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 100 minə yaxın insanın öz doğma yurdlarında yaşaması və çalışması dövlətimizin iqtisadi və siyasi gücünün bariz göstəricisidir.
Bütün bu nailiyyətlər, qlobal miqyasda qurulan səmərəli tərəfdaşlıqlar və uğurla icra olunan layihələr bir daha sübut edir ki, Azərbaycan günü-gündən daha da güclənir və beynəlxalq arenada öz sözünü deyən qüdrətli dövlətə çevrilir.

69 nömrəli məktəbin ingilis dili müəlliməsi Aytac Qədirli Müşfiq qızı


Tarix: Bu gün, 10:19


Bölməyə aid digər xəbərlər


«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031