Dövlət Proqramı qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rol oynayacaq

Dövlət Proqramı qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rol oynayacaq


Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi liderliyini qoruyur. Ölkəmizin malik olduğu resurslardan səmərəli istifadə etmək üçün atdığı addımlar davamlı xarakter daşıyır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları enerji sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafında da özünün aydın ifadəsini tapır. Azərbaycanın hərtərəfli inkişafını şərtləndirən əsas amillərdən biri kompleks tədbirlərin həyata keçirilməsidir.
Sentyabrın 22-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı ölkənin qeyri-neft sektorunun şaxələndirilməsi, təbii sərvətlərdən səmərəli istifadə və regionların iqtisadi potensialının artırılması baxımından mühüm istiqamətləri müəyyənləşdirir. Dövlət Proqramının əsas mahiyyəti yalnız filiz yataqlarının istismarından ibarət deyil. Burada hasilatdan emala, zənginləşdirmədən son məhsula qədər tam istehsal zəncirinin formalaşdırılması nəzərdə tutulur. Bu yanaşma ölkədə yeni və müasir sənaye istiqamətinin yaradılmasına imkan verəcək. Dövlətimizin başçısı İlham Əliyevin 2003-cü ildə qarşıya qoyduğu “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır”, “Neft kapitalını insan kapitalına çevirək!” kimi hədəflər artıq reallığa çevrilib. Bu hədəflərə nail olmaq üçün Regional inkişaf proqramları qəbul edildi. Birinci Proqram 2004-cü ilin əvvəlində qəbul edilib. Bu, 2003-cü ildə keçirilmiş prezident seçkilərindən sonra qəbul edilmiş ən önəmli Proqramdır.
2027–2030-cu illəri əhatə edən proqramın qarşıya qoyduğu hədəflər təkcə yeni yataqların istismarı ilə məhdudlaşmır. Burada daha böyük məqsəd – Azərbaycanın təbii resurslarını yüksək əlavə dəyər yaradan sənaye məhsullarına çevirmək, qeyri-neft sektorunun çəkisini artırmaq və ölkənin ixrac imkanlarını genişləndirməkdir. Sözsüz ki, dağ-mədən sənayesi kapitaltutumlu sahədir. Böyük ilkin investisiyalar tələb etməsinə baxmayaraq, sektorun uzunmüddətli iqtisadi potensialı yüksək qiymətləndirilir. Dövlət Proqramının icrası nəticəsində beş mindən çox daimi iş yerinin yaradılması, yeni müəssisələrin fəaliyyətə başlaması və istehsal zəncirinin genişləndirilməsi nəzərdə tutulur. Ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına xidmət edəcək Dövlət Proqramı da qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rol oynayacaq.
Vüqar Musayev – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi


Tarix: Bu gün, 11:20


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930