Azərbaycanın sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub

Azərbaycanın sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub


Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üzrə Dövlət Proqramına həsr olunmuş müşavirənin keçirilməsi Azərbaycanın qeyri-neft sektorunun inkişafı baxımından mühüm hadisədir. Müşavirədə səsləndirilən fikirlər və qarşıya qoyulan vəzifələr göstərir ki, qarşıdakı illərdə ölkənin mineral resurslarından daha səmərəli istifadə edilməsi, xammalın ölkə daxilində emalının genişləndirilməsi və yeni sənaye istehsal zəncirlərinin yaradılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilir.
Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan əsas məsələlərdən biri dağ-mədən sənayesində xammaldan son məhsula qədər tam istehsal zəncirinin yaradılmasıdır. Bu yanaşma yalnız hasilatın artırılmasını deyil, hasil olunan filizin zənginləşdirilməsi, emalı, yarımfabrikat və hazır məhsul istehsalının ölkə daxilində təşkilini nəzərdə tutur. Beləliklə, mineral ehtiyatların sadəcə ixrac predmetinə deyil, daha yüksək əlavə dəyər yaradan sənaye məhsuluna çevrilməsi qarşıya məqsəd qoyulur. Bu baxımdan dəmir filizi, alüminium, mis və qızıl əsas istiqamətlər kimi müəyyənləşdirilir. Xüsusilə Daşkəsən dəmir filizi layihəsi çərçivəsində hasilat, zənginləşdirmə, pelet istehsalı və isti briketlənmiş dəmir istehsalı üzrə yeni güclərin yaradılması nəzərdə tutulur. Proqramda 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsalı gücünün formalaşdırılması da qarşıya qoyulan konkret hədəflər sırasındadır. Bu, Azərbaycanda qara metallurgiyanın yeni mərhələyə çıxarılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
Dövlət Proqramının miqyası qarşıya qoyulan iqtisadi hədəflərdə də özünü göstərir. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. 2027–2030-cu illərdə proqramın həyata keçirilməsi üçün ümumilikdə 5,3 milyard manat investisiyanın yönəldilməsi planlaşdırılır.
Bu rəqəmlər göstərir ki, söhbət ayrı-ayrı müəssisələrin yaradılmasından deyil, bütövlükdə yeni sənaye istiqamətinin formalaşdırılmasından gedir. Dövlət başçısının çıxışında qeyd etdiyi kimi, proqramın icrası nəticəsində beş mindən artıq yeni iş yerinin yaradılması, dövlət büdcəsinə əlavə vergi daxilolmalarının təmin edilməsi və Azərbaycanın ixrac potensialının genişləndirilməsi gözlənilir. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni istehsal və məşğulluq imkanlarının yaranması regionların sosial-iqtisadi inkişafına əlavə stimul verə bilər.
Qüdrət Əlipənahov - Pirşağı bələdiyyəsinin sədri


Tarix: Bu gün, 11:26


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930