
Təhsil müəssisələri yalnız bilik və bacarıqların ötürüldüyü məkan deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran, uşaqları və gəncləri birgə yaşamağa, məsuliyyətli və vətənpərvər vətəndaş kimi yetişməyə hazırlayan mühüm sosial institutdur. Məktəbdaxili nizam-intizamın gücləndirilməsi, sağlam mənəvi-psixoloji mühitin və korporativ mədəniyyətin formalaşdırılması ümumi təhsil siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Dövlət ümumi təhsil müəssisələrində şagirdlər üçün vahid geyim formasının tətbiqi kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin güclənməsinə müsbət təsir göstərir. Vahid məktəbli forması sosial-iqtisadi fərqlərin dərslik və sinif mühitinə yansımasının qarşısını alır, şagirdlər arasında ayrı-seçkilik risklərini azaldır və mənəvi bərabərlik mühiti yaradır. Azərbaycan Respublikasında təhsil sistemi dünyəvi xarakter daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir. Şagirdlərin dərsə məktəb tərəfindən müəyyən edilmiş geyim formasında, təmiz və səliqəli görünüşdə gəlmələri daxili intizam qaydalarının ana xəttini təşkil edir.
Məktəb mühitində müəllim hər zaman şagird üçün nümunə və peşəkar standartların daşıyıcısıdır. Nazirlər Kabinetinin təsdiq etdiyi “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”ə əsasən, müəllimlər əmək funksiyalarını yerinə yetirdikləri müddətdə və məktəbi təmsil etdikləri rəsmi tədbirlərdə sadə, təmiz və işgüzar üslubda geyinməlidirlər. Şagirdlər məktəbli forması geyindiyi kimi, müəllimlərin də işgüzar dress-koda riayət etməsi məktəbin ümumi korporativ mədəniyyətini və daxili qaydalara hörmət simvolunu əks etdirir. Sadə və işgüzar geyim üslubu şagirdlərin diqqətinin dərs prosesindən yayınmasının qarşısını alır, müəllimin pedaqoji nüfuzunu qoruyur və qarşılıqlı hörmətə əsaslanan peşəkar iş mühitini dəstəkləyir.
Məktəblərimizdə tətbiq edilən geyim qaydaları milli-mənəvi dəyərlərimizlə tam uzlaşır. Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə olunması təşviq edilir. Nizam-intizamlı, dünyəvi və işgüzar məktəb mühiti şagirdlərimizin bilikli, savadlı və ideoloji təxribatlara qarşı dayanıqlı vətəndaş kimi yetişməsinin ən etibarlı təminatıdır. Hər bir valideyn və müəllim bu qaydalara həssaslıqla riayət edərək məktəbimizin nüfuzunun və təlim-tərbiyə keyfiyyətinin yüksəldilməsinə öz töhfəsini verməlidir.
Sabunçu rayonu Rasim Quliyev adına 107 saylı tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Səfərova Aynura
Bölməyə aid digər xəbərlər










Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.