
Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illərə söykənən dostluq, qarşılıqlı hörmət və etibarlı əməkdaşlıq ənənələrinə əsaslanır. Bu əlaqələrin təməli 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfəri ilə möhkəmlənib. Həmin səfər iki xalq arasında səmimi münasibətlərin formalaşmasında mühüm başlanğıc nöqtəsi olub.
Azərbaycan-Vyetnam əlaqələrinin inkişafında Ulu öndər Heydər Əliyevin xüsusi xidmətləri vardır. 1983-cü ildə onun rəhbərlik etdiyi sovet nümayəndə heyətinin Vyetnama səfəri zamanı əldə olunan razılaşmalar ölkənin müxtəlif regionlarını əhatə etmiş, Vyetnam iqtisadiyyatının inkişafına təkan vermiş və gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirmişdir. Bu tarixi təcrübə bu gün də iki ölkə arasında münasibətlərin möhkəm təməli kimi dəyərləndirilir.
Sonrakı illərdə əlaqələr ardıcıl şəkildə inkişaf etdirilib. 2014-cü ildə cənab prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri siyasi dialoqun genişlənməsinə mühüm töhfə verib. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana səfəri və Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib.
İki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq da müsbət dinamika nümayiş etdirir. 2025-ci ilin yekunlarına əsasən, Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstəricilər tərəflərin potensialını tam əks etdirmir. Energetika, sənaye, kənd təsərrüfatı, investisiya və nəqliyyat-logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.
Neft-qaz sektoru iki ölkənin əməkdaşlığında ənənəvi istiqamətlərdən biridir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu yataqların kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı kimi sahələrdə birgə fəaliyyət üçün zəmin yaradır. Eyni zamanda, Vyetnam şirkətlərinin Azərbaycanda tikinti, infrastruktur və bərpaolunan enerji layihələrinə maraq göstərməsi investisiya əməkdaşlığının perspektivlərini artırır.
Nəqliyyat və logistika sahəsində də tərəfdaşlığın inkişafı üçün əlverişli şərait yaranıb. Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşməsi Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması baxımından ölkəmizin əhəmiyyətini artırır. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcminin əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötməsi bu sahədə müsbət dinamikanı göstərir.
Azərbaycan-Vyetnam münasibətlərinin mühüm istiqamətlərindən biri də humanitar, elmi və mədəni əməkdaşlıqdır. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar təşəbbüslər, təhsil layihələrinə göstərilən dəstək xalqlar arasında dostluq bağlarının möhkəmlənməsinə xidmət edir. İki ölkənin universitetləri arasında imzalanan tərəfdaşlıq sənədləri, təhsil qrantları və tələbə mübadiləsi imkanları elmi əlaqələrin inkişafına şərait yaradır. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması bu sahədə zəngin tarixi ənənənin mövcudluğunu təsdiqləyir.
Mədəniyyət sahəsində keçirilən tədbirlər də qarşılıqlı anlaşmanın dərinləşməsinə kömək edir. Azərbaycanda təşkil olunan Vyetnam Günləri, 2026-cı ildə festivalın Bakı ilə yanaşı Qəbələdə də keçirilməsi, vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun ölkəmizdə nəşri bu əməkdaşlığın diqqətəlayiq nümunələridir. Həmçinin Azərbaycan incəsənət xadimlərinin Vyetnam mədəniyyətinə verdiyi töhfələr iki xalqın ortaq yaddaşında xüsusi yer tutur.
Cənab prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə səsləndirilən fikirlər Azərbaycan-Vyetnam münasibətlərinin yalnız tarixi dostluqla məhdudlaşmadığını, həm də gələcəyə hesablanmış konkret əməkdaşlıq imkanlarına əsaslandığını göstərir. Siyasi dialoqun, iqtisadi əlaqələrin, humanitar və mədəni təşəbbüslərin paralel inkişafı hər iki dövlət üçün yeni perspektivlər açır. Əminliklə demək olar ki, qarşılıqlı maraq və etimada söykənən tərəfdaşlıq Azərbaycan və Vyetnam xalqlarının rifahına xidmət edəcək.
213 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Abbasova Məsumə
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.