Ermənistanın sülhlə bağlı mövqeyi səmimi deyil

Ermənistanın sülhlə bağlı mövqeyi səmimi deyil

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri davam edir. Bu məkanlarda şəhərlər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, sosial obyektlər istifadəyə verilir, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur. Bu prosesin mühüm tərəflərindən biri də həyata keçirilən işlərin beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsidir. Bu baxımdan Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfərləri xüsusi əhəmiyyət daşıyır.
Ölkəmizdə fəaliyyət göstərən 58 dövlətin səfir və diplomatları, 9 beynəlxalq təşkilatın nümayəndələri olmaqla, ümumilikdə 150 nəfərdən ibarət nümayəndə heyətinin 2026-cı il sentyabrın 11-12-də Qarabağ və Şərqi Zəngəzura səfəri də bu baxımdan diqqətəlayiqdir. Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa, quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olublar. Yeri gəlmişkən, qeyd edək ki, bu, diplomatik korpus nümayəndələrinin 2020-ci ildən etibarən işğaldan azad edilmiş ərazilərə sayca 22-ci səfəridir.
Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksinə, yenidən qurulmuş Mədəniyyət Mərkəzinə, Yeni Şuşa məscidinin tikintisinə, həmçinin şəhərin tarixi memarlıq abidələrinə baxış keçirilib. Diplomatlar Aşağı Gövhər Ağa məscidində aparılan əsaslı bərpa işləri ilə tanış olub, Azərbaycan xalqının tarixi ədalətin bərpası və ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbəni əks etdirən Xankəndi Zəfər Parkına baş çəkiblər. Cıdır düzündən açılan möhtəşəm mənzərəni seyr edən səfər iştirakçılar Ağdərə rayonunun Vəngli kəndi yaxınlığında yerləşən Gəncəsər monastır kompleksi və Kəlbəcər rayonunun Vəng kəndindəki yerləşən Xudavəng monastır kompleksi ilə də tanış olublar. Şübhəsiz, tarixi-dini abidələrin səfər proqramında geniş yer alması Azərbaycanın Qarabağın zəngin mədəni irsinin qorunmasına verdiyi önəmin nümayişi baxımından olduqca əhəmiyyətlidir. Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər bölgənin iqtisadi və sosial inkişafını əks etdirən obyektlərə də baş çəkiblər. Belə ki, onlar “İstisu” mineral su doldurma zavodunun, Xankəndi tikiş fabrikinin və Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olub, həmçinin Kəlbəcər şəhərində keçirilən Bal Festivalında iştirak ediblər. Diplomatlar Şuşada Birinci yaşayış məhəlləsinin kiçik sakinləri ilə də söhbət ediblər. Uşaqların diplomatlarla səmimi söhbəti rəsmi səfərə xüsusi bir çalar qataraq Şuşa səfərinin yaddaqalan epizodlarından birinə çevrilib.
Belə səfərlər xarici diplomatlara bölgədə baş verən proseslərlə bilavasitə tanış olmaq, görülən işləri öz gözləri ilə müşahidə etmək və burada yaradılan yeni reallıq barədə daha obyektiv təsəvvür formalaşdırmaq, həmçinin Azərbaycanın yaratdığı yeni reallığın daha geniş şəkildə tanınmasına imkan verir. Bu mənada, səfərlərin hər biri Qarabağ həqiqətlərinin diplomatik müstəvidə təqdimatı baxımından mühüm platformadır. Çünki diplomatik nümayəndələr burada Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həm keçmişin izlərini, həm də gələcəyə hesablanmış quruculuq modelini bir arada görürlər.
Nailə Nəsirova-Zabrat bələdiyyəsinin sədri


Tarix: Dünən, 12:30


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930